Azərbaycan "Slow Food" qasrtonomiya festivalının regional mərkəzinə çevrilir.
1xeber.media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəkidə keçirilən festivalda bildirib.
Onun sözlərinə görə, festivalda "Slow Food" beynəlxalq təşkilatının nümayəndələri, eləcə də Avstriya, Qırğızıstan və Türkiyədən "Slow Food" mütəxəssisləri iştirak edirlər: "Bildiyiniz kimi, ölkəmizdə beynəlxalq "Slow Food" təşkilatı ilə birlikdə "Slow Food Azərbaycan" layihəsi həyata keçirilir. Bu gün Şəkidə keçirilən bu tədbir Azərbaycanın regional olaraq bu istiqamətdə bir mərkəzə çevrilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində Azərbaycan bütün istiqamətlərdə cəlbedici turizm destinasiyasına çevrilməkdədir".
Sədr qeyd edib ki, "Slow Food" layihəsi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirərək regionlarda aqroturizmin inkişafına töhfə kimi çıxış edir: "Ümumən "Slow Food" hərəkatı yerli qrupların və fəalların qlobal birliyidir. "Slow Food" hərəkatının əsas məqsədi hər bir insanın dadlı, təmiz və dürüst qidalara çıxışını təmin etməkdir. Hal-hazırda bu hərəkat 160-dan çox ölkədə möhkəmlənib. "Terra Madre" beynəlxalq tədbiri isə "Slow Food" qlobal təşəbbüsünün bir hissəsidir, davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, mədəni irsin qorunması məsələlərini müzakirə etmək üçün ən nüfuzlu platformalardan biridir".
Onun sözlərinə görə, Azərbaycanda aqro və ekoturizmin inkişaf etdirilməsi imkanlar çox geniş və zəngindir: "Layihə çərçivəsində hər bir region özünəməxsus məhsulları və dadları ilə çıxış edir. Tədbirdə nümayiş olunan məhsulların bolluğu da göstərir ki, Azərbaycan həqiqətən də "Slow Food" fəlsəfəsinə uyğun bir destinasiyadır. Nəinki layihənin əhatə etdiyi Şimal-qərb, Cənub və Qarabağ, həmçinin digər regionlarımızda da biomüxtəliflik incilərini tapmaq olar.
Bu ərazilərin biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq bizim üçün önəmli amildir.
Bu mənada, xüsusilə fermer və istehsalçıların bu işdə olan əziyyətini vurğulamaq istərdim".
"Bugünkü festival 50-dən çox fermer və istehsalçının səyi və zəhməti nəticəsində ərsəyə gəlib. "Slow Food" beynəlxalq təşkilatı ilə əməkdaşlıqda əsas hədəfimiz ölkəmizin turistik zonalarının təmiz qida potensialının üzə çıxarılıb, turizmə inteqrasiya edilməsinə nail olmaqdır. Bu əməkdaşlıq milli qastronomiya və dayanıqlı turizmin inkişafında yeni mərhələ açaraq, yerli məhsulların qorunmasına, icma əsaslı təşəbbüslərin güclənməsinə və kənd bölgələrinin balanslı inkişafına xidmət edir. Azərbaycan "Slow Food"un ən nüfuzlu tədbirlərindən hesab olunan "Terra Madre Salone del Gusto" qida festivalında mütəmadi iştirak etməklə, ölkəmizin zəngin qastronomiya irsini və yerli məhsullarını dünya ictimaiyyətinə təqdim edir.
Bir məqamı da qeyd etmək istərdim - "Slow Food" layihəsi yalnız yeni dad və yeni qida demək deyil. Bu layihə həm də yerli adət-ənənələr, milli mədəni irs, yerli mədəniyyət deməkdir. Bir sözlə, "Slow food" layihəsi aqroturizmə müasir, ancaq dəyərlərə əsaslanan yeni yanaşmanı gətirir. Layihənin fəlsəfəsi olan "Daha yaxşı, daha təmiz və ədalət prinsipi əsasında bölünən qida" hər birimizin şüarı olmalıdır", - deyə o qeyd edib.