“2026-cı ilin dövlət büdcəsində yaşayış minimumu və minimum pensiya məbləğində ciddi artımlar nəzərdə tutulmur”.
1xeber.media xəbər verir ki,bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov bildirib.
O deyib ki, gələn ilin dövlət büdcəsi layihəsinə əsasən, vergi sistemində müəyyən dəyişikliklər gözlnilir:
“Burada kirayə haqlarına, əlavə haqlara, eləcə də bəzi aksiz vergilərə dair məsələlər yer alıb. Amma Milli Məclis hələlik 2026-cı ilin dövlət büdcəsinə baxmayıb. Parlamentdə keçirilən müzakirələrdə iqtisadçılar öz mövqelərini bildirir, müxtəlif təkliflər səsləndirirlər. Ümumi götürsək, gələn ilin dövlət büdcəsində insanların sosial rifahına, həyat şəraitinə təsir edən məsələlər də yer alır. Buraya yaşayış minimumu, minimum pensiya məbləği ilə bağlı məsələlər daxildir, lakin bu istiqamətdə ciddi artımlar gözlənilmir”.
V.Əhmədov söyləyib ki, büdcədən danışanda bir amili - Azərbaycanın neft gəlirlərinin azalmasını nəzərə almaq lazımdır: “Doğrudur, ölkənin ehtiyatları kifayət qədər böyükdür - təxminən 80 milyard dollar civarındadır. Bu ehtiyatı qorumaq və saxlamaq vacibdir, çünki biz daim Neft Fondundan dövlət büdcəsinə transfertlər həyata keçiririk. Dünyada baş verən siyasi və iqtisadi parçalanmalar, regionda isə hələ də mövcud olan problemlər fonunda bu ehtiyatların saxlanması daha da əhəmiyyətlidir”.
Manatın məzənnəsi ilə bağlı narahatlıqlara gəlincə, iqtisadçı xatırladıb ki, uzun müddətdir Azərbaycanın milli valyutasının sabitliyi qorunur: “Lakin iqtisadi reallıqlar nəzərə alınarsa, devalvasiya prosesi qaçılmazdır. Hazırda bunu bir-iki il qoruyub saxlamaq mümkündür, amma uzunmüddətli dövrdə bu sabitlik davam etməyə bilər. Bununla belə, 2026-cı ildə devalvasiya ehtimalı azdır, çünki hazırda ehtiyatlar kifayət qədərdir”
Sabiq deputat vurğulayıb ki, 2025-ci il büdcəsində bir barel neftin qiyməti 70 dollar, 2026-cı ildə isə 65 dollar götürülüb, halbuki hazırda neftin qiyməti 60-63 dollar səviyyəsindədir. Bu fərq də müəyyən dərəcədə büdcəyə təsir göstərə bilər:
“Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, büdcə xərclərində təhsil, səhiyyə və sosial sahələrə daha çox diqqət ayrılmalıdır. Lakin burada başqa bir problem var - büdcə vəsaitlərinin səmərəli xərclənməsi. Təəssüf ki, bu məsələ hələ də tam həllini tapmayıb. Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən aparılan yoxlamalar, aşkar edilən nöqsanlar və görülən tədbirlər kifayət qədər olsa da, bu istiqamətdə daha sərt və sistemli addımlar atılmalıdır. Maliyyə intizamının gücləndirilməsi, nəzarətin artırılması və xərclərin şəffaf idarə olunması 2026-cı ilin dövlət büdcəsinin əsas prioritetlərindən biri olmalıdır”.

















