“Azenco” ASC yayılan məlumatları təkzib edib
1xeber.media xəbər verir ki,“Azenco” ASC Tendensiya.com informasiya resursunda şirkət barədə yayımlanmış məqalədə yer alan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Şirkətin yaydığı açıqlamada qeyd olunub ki, məqalədə əməkhaqlarının ödənilməsində gecikmələrin olduğu və işçilər qarşısında əməkhaqqı borclarının yarandığı barədə səsləndirilən iddialar əsassızdır.
“Azenco” ASC bildirir ki, hazırda şirkətdə əməkhaqlarının ödənilməsi ilə bağlı hər hansı problem mövcud deyil və işçilər qarşısında əməkhaqqı üzrə heç bir borc yoxdur.
Açıqlamada, həmçinin şirkətin maliyyə vəziyyəti, müxtəlif təsərrüfat subyektləri ilə qarşılıqlı hesablaşmaları və iddia edilən borc öhdəlikləri barədə yayılan məlumatların heç bir rəsmi sənəd, məhkəmə qərarı və ya digər hüquqi əsasla təsdiqlənmədiyi vurğulanıb. Şirkətin mövqeyinə görə, məqalədə göstərilən rəqəmlərin və məlumatların mənbəyi açıqlanmayıb, onların doğruluğunu təsdiqləyən sübutlar təqdim edilməyib.
“Azenco” ASC qeyd edib ki, yayımlanan məlumatların bir hissəsi kommersiya fəaliyyəti ilə bağlı olmaqla yanaşı, qanunvericiliklə qorunan kommersiya sirri xarakteri daşıyır. Şirkət bildirib ki, belə məlumatların hüquqi əsas olmadan əldə edilməsi və yayılması qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yarada bilər.
Şirkət, eyni zamanda, məqalənin hazırlanması zamanı məlumatların dəqiqliyinin yoxlanılmadığını, mövqeyinin öyrənilmədiyini və ictimaiyyətə birtərəfli məlumat təqdim olunduğunu qeyd edib. Açıqlamada bunun obyektivlik, qərəzsizlik və peşəkar jurnalistika prinsiplərinə uyğun olmadığı vurğulanıb.
“Azenco” ASC yayılan məlumatların şirkətin işgüzar nüfuzuna və tərəfdaşlarla münasibətlərinə mənfi təsir göstərdiyini bildirərək, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini və informasiya resursundan çıxarılmasını tələb edib.
Şirkət öz qanuni hüquq və mənafelərinin müdafiəsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxladığını da bəyan edib.
















