Fransanın sabiq prezidenti Nikola Sarkozini həbsxanada ölümlə hədələməkdə ittiham olunan iki məhbusun məhkəmə tarixi müəyyənləşib.
1xeber.media xəbər verir ki, 28 və 24 yaşlarında olan məhbuslar dekabrın 19-da hakim qarşısına çıxarılacaqlar.
Onlara məhkəmə prosesinə hazırlaşmaq üçün vaxt verilib. Təqsirləndirilən şəxslərdən biri quldurluq, digəri isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəza çəkir.
Həbsxanadan yayılan videolarda məhbusların “Pulları qaytar!”, “Qəddafinin qisası alınacaq!” deyə qışqırdıqları eşidilib.
Qeyd edək ki, 2007-ci il prezident seçkilərini qanunsuz yollarla — Liviya vəsaitləri hesabına maliyyələşdirməkdə təqsirli bilinən Nikola Sarkozi oktyabrın 21-də Parisin 14-cü dairəsində yerləşən “La Santé” həbsxanasına köçürülüb.
















