Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.
1xeber.media xəbər verir ki,Bakupost.az bu hadisəyə münasibət bildirmək üçün daim müxtəlif debatlarda deputata opponentlik edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluya müraciət edib.
“Konstitusiyaya görə, vətəndaşların şəxsi həyatı toxunulmazdır. Millət vəkilini bu addımına görə ictimai müzakirəyə çıxara bilmərik”, – deyən Sərdar Cəlaloğlu bu məsələdə Elman Nəsirova haqq qazandırıb.
Onun sözlərinə görə, ölkədə həyat yoldaşınıboşayıb yenidən evlənən minlərlə adam var:
"Parlamentdə başqa deputatlar da var ki, ikinci dəfə ailə qurub. Eləcə Vladimir Putin prezident olarkən boşanıb ikinci dəfə ailə qurdu. Ona görə də mən hesab edirəm ki, bu məsələni gündəmə gətirmək, bundan KİV-də Elmana qarşı istifadə eləmək mənəviyyatsızlıqdır və mən bunu qınayıram. Sadəcə olaraq ,indi onun qızının bir iddiası varsa və atasından qanuna uyğun olaraq bir yardım almayıbsa, məhkəməyə müraciət edə bilər. Əslində biz dəqiq bilmirik, bəlkə Elman Nəsirov vaxtlı-vaxtında alimentini verib və ya öz əmlakından pay ayırıb. İctimai-siyasi proseslərdə həyat və ailə-məişət problemlərini müzakirəyə çıxarmaq cəmiyyətin apolitik vəziyyətdə olması ilə bağlıdır. Adamlar bir korrupsionerin milyardlarla pul oğurlanmasından daha çox, bir adamın ikinci dəfə ailə qurmasını müzakirəyə etməyə meyllənirlər. Bu təhlükəlidir və göstərir ki, cəmiyyətdə siyasi səviyyə getdikcə aşağı düşür, qeyri-siyasi məsələlər daha çox aktuallaşmağa başlayır”.
















