Naxçıvan Televiziyasının sabiq sədri Sahil Tahirli Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin işdən çıxarılmasına münasibət bildirib.
1xeber.media jurnalistin yazısını təqdim edir:
Cənab Prezidentimizin bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı yerində və vaxtında verilmiş bir qərar kimi təqdirəlayiq və gözlənilən idi.
İlk növbədə ona görə ki, səlahiyyətli nümayəndə lk ayarda müəyyən qədər səmərəli işləsə də, ötən 2 il ərzində ona göstərilən böyük etimadı doğrultmadı (baxmayaraq ki, ona həm rəhbərlik, həm də naxçıvanlılar tərəfindən inam və dəstək kifayət qədər idi), verilən tapşırıqları vaxtında yerinə yetirmədi, Naxçıvanın inkişafı ilə bağlı Dövlət Proqramlarını icra edə bilmədi, Naxçıvan kimi starateji əhəmiyyətli bölgənin inkişafını ləngitdi, beləliklə, işsizlik və kütləvi köçə yol açdı! Baxmayaraq ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev muxtar respublikanın inkişafına və çiçəklənməsinə, möhkəmlənməsinə həmişə yüksək diqqət və qayğı göstəriblər...
Beləliklə, Nəcəflinin 3 illik fəaliyyəti və ya, fəaliyyətsizliyi ilə bağlı hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm:
1.İş görmək əvəzinə şəkil çəkdirdi, daim özünüreklamla məşğul oldu;
2.Sosial-iqtisadi nəticəyə gedə bilmədi, şişirdilmiş statistik rəqəmlərlə oynadı;
3.Üst orqan və rəhbərliyi yalan məruzə və məlumatlarla aldatmağa çalışdı (buna nail ola bilmədi);
4.Öz məsuliyyətini, işlərin zəif gedişini nazir və komitə sədrlərinin adına yazıb onları gözdən salaraq özü həmişə məsuliyyətdən yayındı;
5.İllərdir Naxçıvanda dövlətin yetişdirdiyi peşəkar yerli kadrlar öncə vəzifədən, sonra Naxçıvandan uzaqlaşdırdı, beləcə, Gənclər-idman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Culfa icra hakimiyyəti, Naxçıvan dövlət televiziyası və digər mühüm qurumlar başsız buraxıldı. Bakıdan dəvət edilən bir çox qurum rəhbəri də eyni aqibəti yaşadı, bir il tamam olmamış şərlənib və ya təhqirlərə dözməyib vəzifələrindən uzaqlaşdırıldılar (bərbad kadr islahatları);
6.Kiçik və orta sahibkarlığın qarşısını öz maddi maraqları naminə aldı;
7.İdarəetmədə xaotik mühit yaradaraq dövləti insanların gözündən saldı;
8.Təmsil etdiyi orqanın güclənməsi və nüfuzunun artmasına çalışmadı;
9.Xüsusən, ən mühüm strateji sahələrin inkişafını blokladı;
10.Şəxsi nümunə göstərə bilmədi, əyyaşlıqdan, boş və mənasız iclaslar keçirməkdən başı ayırd olmadı.
Naxçıvanda dövlətin media siyasətini də böyrü üstə qoydu. Bu, ayrıca yazının mövzusu olduğundan, geniş danışmayacağam. Qısaca, onu deyə bilərəm ki, medianı şəxsi maraqları üçün istifadə etməyə çalşıdığından və lazımsız tapşırıqlar verdiyindən Naxçıvan televiziyası ilə 5 ay əvvəl yollarımı ayırdım. Ərizəmdə də konkret göstərmişdim: “xahiş edirəm, yaradıcılıq fəaliyyətimə yaradılan süni maneə və problemlərə görə məni tutduğum vəzifədən azad edəsiniz”…
Və “Əsahbi-Kəhf” ziyarətgahında jurnalist həmkarlarımızın içində mənə dediyi sözü də heç vaxt unutmayacağam: “Mən adamı belə cəzalandırıram”. Bəli, Fuad müəllim, belə… Cəzalandırmaq Allaha məxsusdur, sənin kimisinə yox!!! Əshabi-Kəhf dağından mən yox, sən yıxıldın. Mən yenə yazı-pozumla məşğulam!
Ceyhun Cəlilovu təbrik edirəm. Televiziyada işləyəndə dəfələrə görüşmüşəm. Baş nazir kimi, həm mediaya, həm də digər sahələrin inkşafına dəstəyini, məsələlərə kreativ yanaşmasını, dövlətə bağlılığını, bilik və təcrübəsini görmüşəm. Naxçıvanı layiq olduğu yerə gətirəcəyinə, Hörmətli Prezidentimizin etimadının doğruldacağına inanıram!

















