“Bu məsələ uzun müddətdir davam edir. İlk dəfə şikayətlərimizi bildirəndən sonra Mədəniyyət Nazirliyindən zəng gəldi ki, ərizə yazın, fikirlərinizi bildirin. 20-yə yaxın insan da nazirliyə dəvət olundu. Mən onlayn formada ərizə yazıb göndərdim. Açığı, onda da düşünmürdüm ki, nəsə olacaq. Çünki əlimizdə olan yalnız sözümüz idi, sübut yoxudu”.
Bu sözləri 1xeber.media amüğənni Nura Suri bildirib.
O, Mədəniyyət Naziliyinin tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı açıqlamasına bir daha aydınlıq gətirib:
“Səsyazısı və ya əsaslı dəlillər olmadan nəsə etmək çətin idi. Sübutsuz danışmaq şər-böhtan kimi qəbul oluna bilərdi. Bunu ərizə yazanlara da demişdim. Əgər araşdırma aparılsaydı, onun maaşı, aylıq gəliri, evləri, maşınları, yaşam tərzi nəzərə alınmalı idi ki, qazancı ilə həyatı üst-üstə düşür, ya yox. Bizim isə bu araşdırmada iştirak hüququmuz yoxdur. Heç kimin əlində də sübut yoxdur.
Mən ərizə yazdım, amma ehtiyatla davrandım ki, haqlı olduğum halda, haqsız vəziyyətə düşməyim. Bəzi şeyləri bilirəm, lakin sübutum olmadığı üçün demirəm”.
İfaçı bildirib ki, bir neçə ay nazirlikdən cavab gözləyiblər:
“İş gedir", - dedilər, amma sonda cavab verdilər ki, araşdırma təsdiqini tapmadı. Hətta bəzi xalq artistlərinin onun haqqında xoş sözlər dediyini də eşitdim. Onları da qınamıram, özlərini pis vəziyyətə salmamaq üçün bu yolu seçdilər. Mənə də deyirlər ki, danışma, tədbirlərdə iştirakın, gəlirin azalar.
Amma mən başa düşmürəm, bu qədər haqsızlığa necə susmaq olar? Prezident özü dəfələrlə deyib ki, əsas vəzifəniz xalqa xidmət etməkdir. Dövlət qulluqçususansa, dövlətə xidmət etməlisən.”
Nura Suri qeyd edib ki, ifaçılara pul əvəzinə diplomlar verilib:
“2002-ci ildən səhnədəyəm. Bu illər ərzində Mədəniyyət Nazirliyindən saysız-hesabsız diplomlar almışam. Sonradan öyrəndim ki, o diplomlar bizə pul əvəzi verilib.
"Dövlət tədbiri" deyiləndə heç vaxt ağlıma gəlməzdi ki, buna görə pul istənilə bilər. Valideynlərim hərbçidir, dövlətə xidmət ediblər. Biz də mədəniyyətin qulluğundayıq. Tədbirlərə öz hesabımıza, öz maşınımızla getmişik. Bizə heç bir məbləğ ödənilməyib. Hətta o vaxt oğlum David körpə idi, anamla atam məni maşında bölgələrə aparırdı. Mən səhnə arxasında uşağa süd verib səhnəyə çıxırdım və bununla fəxr edirdim.”
O əlavə edib ki, sonradan tədbirlər üçün ayrılan qonararların onlara çatmadığını öyrənib:
“Bəlli oldu ki, iştirak etdiyimiz bütün tədbirlərə görə bizə qonarar ayrılıb, amma biz bu pullardan xəbərsiz olmuşuq. O pullar kimlərinsə cibinə gedib. Bunu öyrənəndə özümü axmaq kimi hiss etdim. Dedim ki, əgər tədbir üçün pul ayrılıb, imza atmamışıqsa, qeyd olunmalıdır ki, bu insan tədbirdən heç bir vəsait əldə etməyib. Mənim bu qədər xidmətimdən sonra iki dəfə işim düşdü, amma məni süründürdülər. Çoxsaylı xahişlərdən sonra Mənzər xanımla danışıb icazə aldıq. Mən pul istəmirdim, sadəcə vətənimin gözəl yerlərində klip çəkmək istəyirdim.”
Müğənni sonda vurğulayıb ki, danışarkən diqqətli olmağa çalışır:
“Düşünürəm ki, bu məsələ haqqında danışarkən ehtiyatlı olmaq lazımdır ki, haqsız vəziyyətə düşməyək. Amma dediklərimin hamısının sübutu var. Əks halda, danışmaq mümkünsüz olardı.”

















