Noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamları ilə bir neçə rayon icra hakimiyyəti başçılarının yerləri dəyişdirildi. Dövlət başçısının başqa sərəncamı ilə Fuad Nəcəflinin Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olundu.
F.Nəcəfli təxminən 3 il öncə bu vəzifəyə təyin edilmişdi. O, Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin noyabr-dekabr aylarında aparılan antikorrupsiya əməliyyatları fonunda səlahiyyətli nümayəndə postuna gətirilmişdi. Onun belə tezliklə işdən azad edilməsi ictimaiyyətdə, media və siyasət çevrələrində ciddi müzakirə edilir.
Bəzi rəylərə görə Fuad Nəcəflinin “vurulması” Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlıdır. R.Mehdiyevə bağlı, ona yaxın kadrlarla bağlı prosesə start verildiyi deyilir. Zəfər Bayramından sonra həbslərin, işdən azad edilmələrin başlayacağı bildirilirdi. F.Nəcəfli ilə bağlı verilən qərar bu prosesin tərkib hissəsidir?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Fuad Nəcəflinin Ramiz Mehdiyevlə birbaşa əlaqəsinin olması inandırıcı görünmür.
O qeyd edib ki, Nəcəflinin müxtəlif qruplarla, o cümlədən FETÖ ilə bağlı şəxslərlə əlaqələrinin mövcudluğuna dair iddialar səsləndirilir:
“Hazırda Fuad Nəcəflinin yerinə vəzifəyə təyin edilən Ceyhun Cəlilov barəsində də oxşar iddialar mövcuddur. Bəzi mənbələrdə Cəlilovun FETÖ ilə bağlılığı barədə sənədlərin yayımlandığı və bu mövzuda ciddi ittihamların irəli sürüldüyü qeyd edilir. Bildirilir ki, o, Naxçıvanda vəzifəyə gəldikdən sonra həmin çevrələrə yaxın şəxslərin bölgədə mövqelərinin güclənməsinə şərait yaradıb. Lakin bu iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Məlumatlara görə, Fuad Nəcəfli rəhbərlik etdiyi dövrdə Naxçıvanda nəzərdə tutulan layihələrin icrasında aktivlik göstərməyib. Ayrılan vəsaitlərin çoxu xərclənməyib və büdcəyə geri qaytarılıb. O, tenderləri əsasən özünə yaxın şirkətlərə yönəltməyə çalışıb, bu isə hökumət səviyyəsində narazılıq doğurub və tenderlərin əksəriyyəti ləğv edilib”.
H.Oğuzun fikrincə, Azərbaycan hökuməti həmin dövrdə Fuad Nəcəflinin fəaliyyətini qənaətbəxş hesab etməyib:
“Fuad Nəcəflinin Ramiz Mehdiyevlə hər hansı əlaqəsinin olub-olmaması barədə məlumatlar dəqiq deyil. Bununla belə, həm Ramiz Mehdiyev həm də Fuad Nəcəfli ilə bağlı FETÖ kontekstində əlaqə ehtimalları istisna edilmir. Ümumilikdə, bu məsələlər ictimai və media müzakirələrinin mövzusudur, lakin onların heç biri indiyədək rəsmi şəkildə təsdiqlənməyib”.
Bundan başqa, Heydər Oğuz Naxçıvana ayrılan vəsaitin hansı səbəbdən xərclənmədiyini belə izah edib:
“Naxçıvanda bu hakimiyyət ilk dəfə fəaliyyətə başlayanda, birinci ilində bölgəyə 245 milyon manat vəsait ayrılmışdı. Bu məbləğ sırf tikinti işlərinə yönləndirilməli idi. Lakin Fuad Nəcəfli həmin işi düzgün aparmadığı üçün layihələr dayandırıldı, ayrılan vəsait də xərclənmədi. Nəticədə, bir çox layihələr və keçirilmiş tenderlər ləğv olundu. Sonradan Hesablama Palatası bu tenderlərin bir neçəsini yoxladı və məlum oldu ki, onlar düzgün icra edilməyib. Palata bu səbəbdən həmin tenderlərin hamısını dayandırdı. Hətta bəzi tədbirlərə ayrılan vəsaitlər də araşdırıldı və məlum oldu ki, onların bir hissəsi təyinatı üzrə xərclənməyib. Hesablama Palatasının bununla bağlı ciddi iradları olmuşdu və bu barədə hesabat da yayımlanmışdı”.
Siyasi şərhçinin sözlərinə görə, Fuad Nəcəfli özü Ali Məclisdə işlədiyi üçün həmin hesabların hamısı onun fəaliyyətinə aid olub:
“Araşdırmalar göstərdi ki, vəsaitlərin heç biri təyinatı üzrə istifadə edilməyib. Buna görə də Naxçıvana vəsait ayrılması prosesi dayandırıldı. O, bölgəyə rəhbərlik etdiyi müddətdə əsasən konsertlər keçirməklə məşğul idi. Yeni iş yerləri açmaq, insanları işlə təmin etmək əvəzinə, ancaq bu cür tədbirlərə üstünlük verirdi. Bu isə Azərbaycan hökuməti tərəfindən narazılıqla qarşılanırdı. Hökumət bir neçə dəfə ona dolayı yolla xəbərdarlıq etmişdi. Ayrılan vəsaitlərin dayandırılması da bunun bir göstəricisi idi. Beləliklə, Fuad Nəcəflinin fəaliyyətinə etirazlar artmışdı və getməsi artıq gözlənilən idi”.
Müsahibimiz deyib ki, əslində, Fuad Nəcəfli bir il əvvəl vəzifədən uzaqlaşdırmalı idi:
“Lakin proses müəyyən səbəblərdən uzandı. Səbəblərdən biri də Azərbaycanın həmin dövrdə xarici təzyiqlərlə üzləşməsi idi. Prezident diqqətini əsasən bu məsələlərə yönəltmişdi, buna görə də daxili məsələlər, o cümlədən Naxçıvandakı vəziyyət bir qədər sonraya saxlanıldı. Nəticədə, Fuad Nəcəflinin hakimiyyətdə qalma müddəti bir qədər uzandı”.

















