Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
1xeber.media xəbər verir ki, Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
***
16:04
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat dərc edib.
Qeyd olunur ki, liderlər noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsini müzakirə ediblər.

















