Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi təbliğatla bağlı çap xidmətlərinin satın alınması üzrə keçirilən tenderin qalibi olaraq “ADMEDIA.AZ” MMC-ni seçib.
1xeber.media xəbər verir ki, qurum şirkətlə 59.354 manat dəyərində müqavilə bağlamağa hazırlaşır.
Müqavilə çərçivəsində Agentlik üçün müxtəlif növ çap məhsullarının hazırlanması nəzərdə tutulur. Bunlara lövhə (plaketlər), bir neçə növ xəritə, müxtəlif formatlı broşürlər, Cənub bölgəsi üzrə eko-turizm lifletləri, Şimal bölgəsi üzrə eko-turizm lifletləri, sertifikatlar, habelə təbliğat məqsədli parça çantaların hazırlanması daxildir. Siyahıdan görünür ki, satınalma Agentliyin turizm yönümlü maarifləndirmə və tanıtım kampaniyaları üçün nəzərdə tutulmuş geniş çeşidli çap məhsullarını əhatə edir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu ilin 4 mart tarixli sərəncamı ilə onun işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi.















