Marneulidə 4 saylı rusdilli ictimai məktəbin direktoru Dilarə Darğallı rüşvət alma faktı ilə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
1xeber.media musavat.coma-a istinadla bildirir ki, bu barədə DTX Antikorrupsiya Agentliyinin rəhbəri Emzar Qaqnidze brifinqdə məlumat verib.
Məlumata görə, direktor attestatın verilməsi üçün tələb olunan imtahanların guya müvəffəqiyyətlə verilməsi müqabilində bir vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alarkən ifşa olunub. Hadisə Marneuli rayonunda qeydə alınıb və Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə istintaq aparılır. Bu maddə rüşvətə görə 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.
Brifinqdə həmçinin bildirilib ki, DTX Gürcüstanın digər rayonlarında da korrupsiya əməliyyatları həyata keçirib. Ümumilikdə 5 nəfər saxlanılıb, 14 nəfər barəsində isə cinayət işi açılıb.
Qeyd edək ki, Dilarə Darğalının "Gürcü arzusu" partiyasından deputat olan Zaur Darğalının qohumu olduğu bildirilir.

















