Ukrayna Müdafiə Qüvvələrinin bölmələri dekabrın 6-na keçən gecə Rusiyanın Ryazan vilayətindəki hərbi əhəmiyyətli obyektləri, eləcə də Ukraynanın işğal olunmuş Luqansk bölgəsində yerləşən sənaye müəssisəsini vurub.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Teleqram"da məlumat yayıb.
Rəsmi məlumata görə, Ukrayna qüvvələri Ryazan neft emalı zavodunun infrastrukturunu hədəfə alıb.
Bildirilir ki, aşağıtemperaturlu izomerizasiya qurğusuna dəqiq zərbə endirilib, zərərin miqyası dəqiqləşdirilir.
İllik 17,1 milyon ton neft emalı gücünə malik müəssisə müxtəlif markalı benzin, reaktiv və dizel yanacağı istehsal edir və Rusiya ordusunun təminatında mühüm rol oynayır.
Bundan əlavə, Ukrayna qüvvələri işğal altındakı Luqansk bölgəsində yerləşən Alçevsk Metallurgiya Kombinatını da vurub.
Qeyd olunur ki, bu müəssisə Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə artilleriya mərmiləri üçün gövdə və digər komplektləşdirici hissələr istehsal edir. Obyektdə dəqiq zərbə və yanğın qeydə alınıb, dağıntının miqyası araşdırılır.

















