1xeber.media xəbər verir ki, Ağ Ev İsrailin baş naziri Benyamin Netanyahuya sərt ifadəli şəxsi mesaj göndərərək, ötən həftə sonu radikal İslam qruplaşması HƏMAS-ın yüksək rütbəli hərbi komandirinin öldürülməsinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasını pozduğunu vurğulayıb.
İki ABŞ rəsmisinin sözlərinə görə, dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın müşaviri və kürəkəni Jared Kuşner İsrail baş nazirinin hərəkətlərindən son dərəcə narazıdırlar.
“Ağ Evin Netanyahuya mesajı belə olub: “Əgər siz öz reputasiyanızı korlamaq və razılaşmalara əməl etmədiyinizi göstərmək istəyirsinizsə, davam edin, amma biz sizə prezident Trampın Qəzza sövdələşməsində vasitəçilik edəndən sonra onun reputasiyasına xələl gətirməyə icazə verməyəcəyik”, - ABŞ rəsmisi deyib.
İsrail rəsmisi isə mesajın alındığını təsdiqləsə də, daha yumşaq olduğunu bildirib. İsrail mənbələrinin məlumatına görə, hökumət Tramp administrasiyasına HƏMAS-ın əsgərlərə hücum edərək və silah qaçaqmalçılığını bərpa etməklə razılaşmanı pozduğunu bildirib.
“Razılaşmanı gündən-günə pozan və döyüş əməliyyatlarını davam etdirən bədnam terrorçu Raed Saadın öldürülməsi bu pozuntulara cavab olaraq həyata keçirilib və atəşkəs rejiminin davam etdirilməsini təmin etmək məqsədi daşıyıb”, - İsrail rəsmisi bildirib.
Bundan əvvəl Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Qəzza zolağında əldə olunmuş atəşkəsin möhkəmləndirilməsi üzrə danışıqların “kritik nöqtədə” olduğunu bildirmişdi. Nazir vurğulayıb ki, atəşkəs İsrail qoşunları tamamilə çıxarılmayana, Qəzzada sabitlik bərpa olunmayana, insanların giriş-çıxışı azad olunmayana qədər tam hesab edilmir. O qeyd edib ki, bu gün belə deyil.

















