“Rosnano” şirkəti Moskvadakı Arbitraj Məhkəməsinə keçmiş rəhbəri Anatoli Çubaysa və digər sabiq top-menecerlərə qarşı “Crocus” brendi altında operativ yaddaş istehsalı layihəsi üzrə dəymiş zərərin ödənilməsi tələbi ilə iddia ərizəsi verib.
1xeber.media xəbər verir ki, iddia məbləği 11,9 milyard rubl təşkil edir.
Daha əvvəl Federal Məhkəmə İcraçıları Xidməti Çubaysın aktivlərinin həbs edilməsi ilə bağlı icraata başlayıb.
İş üzrə cavabdehlər sırasında “Rosnano”nun digər keçmiş top-menecerləri də var. Onların əksəriyyəti Çubaysla hələ Rusiya energetika nəhəngi RAO UES-də birgə çalışıblar. Bunlar Yuri Udaltsov, Vladimir Avetisyan, Dmitri Pimkin, Andrey Kuşnaryov, Yakov Urinson, Andrey Trapeznikov, Oleq Kiselev, Andrey Malışev və Sergey Kalyujnıdır.
“Rosnano”dan bildirilib ki, layihəyə yatırılan vəsait qərar qəbul edən şəxslərin vicdansız və qeyri-ağlabatan hərəkətləri səbəbindən geri qaytarılmayıb.
“Crocus” layihəsi 2011-ci ildə təsdiqlənib və Rusiyada yerli mikroelektronika üçün unikal sayılan MRAM operativ yaddaş istehsalının qurulmasını nəzərdə tutub. “Rosnano” ilə Fransanın “Crocus Technology” şirkətinin yaratdığı “Crocus nanoelektronika” birgə müəssisəsi tam istehsal dövrünü təşkil edə bilməyib. 2023-cü ilin aprel ayına qədər layihəyə qoyulan ümumi investisiya 200 milyon avronu keçib.
2022-ci ildə şirkət Aİ-nin sanksiyalarına məruz qalıb, onun xalis zərəri isə 1,8 milyard rubl təşkil edib. 2024-cü ilin avqustunda “Crocus nanoelektronika” iflas proseduruna başladığını elan edib. “Rosnano”nun xüsusi tapşırıqlar üzrə direktoru Yevgeni Frolovun sözlərinə görə, layihəyə cavabdeh şəxslər texnoloji riskləri nəzərə almayıblar, investisiya fəaliyyətinə dair daxili qaydaları pozublar və dövlət şirkətinin maraqlarını qoruyan mexanizmlər yaratmayıblar. Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi zərərli olmasına və müddətlərin pozulmasına baxmayaraq nəzarətsiz şəkildə artırılıb.

















