Avropa Parlamenti (AP) təcili prosedur çərçivəsində Ukraynaya reparasiya kreditinin verilməsi prosesinin sürətləndirilməsini dəstəkləyib.
1xeber.media xəbər verir ki, bu barədə bəyanat AP-nin saytında dərc olunub.
Təklif Rusiya dövlətinin dondurulmuş aktivlərindən əldə edilən mənfəət və pul qalıqları müqabilində Avropa Komissiyası tərəfindən borc götürülməklə Avropa İttifaqından Ukraynaya reparasiya kreditinin verilməsini nəzərdə tutur.
“Avropa Parlamentinin deputatları 2026-cı il yanvarın 19-dan 22-dək keçiriləcək növbəti plenar sessiyada üzv dövlətlərin hökumətləri ilə danışıqlardan əvvəl təkliflə bağlı mövqe hazırlayacaqlar”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl “Politico” jurnalı məlumat vermişdi ki, Belçika hakimiyyəti dondurulmuş Rusiya aktivləri ilə bağlı son razılaşmanı qeyri-kafi hesab edərək, ölkəni “qeyri-mütənasib risklərdən” qorumaq üçün Avropa rəsmilərindən əlavə təminatlar tələb edir. Belçika rəsmiləri tələbləri yerinə yetirilmədikcə Euroclear depozitar hesablarındakı vəsaitlərin buraxılmayacağını vurğuladılar.
Polşanın baş naziri Donald Tusk da bəyan edib ki, Birləşmiş Ştatlar Avropanı danışıqları çətinləşdirməmək üçün Ukraynaya yardım məqsədilə Rusiyanın aktivlərini ələ keçirməməyə çağırır. Siyasətçinin fikrincə, Vaşinqton aktiv məsələsini Moskva ilə münaqişədən sonrakı razılaşma üçün saxlamaq istəyir. Bununla belə, baş nazir qeyd edib ki, amerikalılar bu pulların müəyyən hissəsini özləri üçün istifadə etməkdə maraqlı ola bilərlər.

















