Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Ukraynada müharibəyə son qoymaq planı ilə bağlı Berlində keçirilən danışıqların nəticələri barədə hələlik məlumat almayıb.
1xeber.media xəbər verir ki, Rusiya belə məlumatları gözləyir və yalnız bu məlumatı aldıqdan sonra danışıqların yeni mərhələləri müzakirə oluna bilər.
“Biz ilk növbədə amerikalıların ukraynalılarla avropalıların iştirakı ilə apardıqları danışıqlardan nələrin çıxacağı ilə tanış olmalıyıq”, – “İzvestiya” Peskovdan sitat gətirib.
Kremlin mətbuat katibi əlavə edib ki, onun fikrincə, Avropanın danışıqlarda iştirakı “məqbul nəticə əldə etmək baxımından yaxşı heç nə vəd etmir”.
Danışıqlar bazar və bazar ertəsi Berlində Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevin Avropadakı müttəfiqləri və Donald Trampın xüsusi elçiləri Stiv Vitkoff və Jared Kuşnerin iştirakı ilə keçirilib.
İclas iştirakçılarının sözlərinə görə, ABŞ Ukraynaya qanuni qüvvəyə malik təhlükəsizlik zəmanətləri verməyə razılaşıb, lakin tərəflər hələ də ən çətin və fundamental məsələ - ərazi güzəştləri barədə razılığa gəlməyiblər.
Rusiya Ukrayna qoşunlarının bütün Donetsk vilayətindən çıxarılmasında israr edir, lakin Ukrayna bununla razılaşmır.
Ukrayna prezidenti bəyan edib ki, Berlindəki məsləhətləşmələrin son raundundan sonra ABŞ Rusiyaya yeni təkliflər çatdırmalı və cavab aldıqdan sonra Ukrayna nümayəndə heyəti ilə yeni danışıqlar aparmalıdır.

















