Həkimlərdən xəbərdarlıq: “Bu mövsüm məktəb yaşlı uşaqlar arasında qrip daha sürətlə yayılır, ona görə...”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri “Honkonq qripi” kimi tanınan A(H3N2) virusunun sürətlə yayıldığını təsbit ediblər. Bu barədə ÜST-nin Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın açıqlamasında deyilir. Onun sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində aşkarlanıb: “Şimal yarımkürəsində qış mövsümü başlayandan qrip və digər tənəffüs yolu virusları ilə yoluxma hallarında artım müşahidə olunur. Bununla belə, qripə yoluxmanın qlobal səviyyəsi bu mövsümdə hələ gözlənilən diapazondadır”.
Qeyd edək ki, A(H3N2) virusu ilk dəfə Avstraliya və Yeni Zelandiyada qeydə alınıb.
“”Honkonq qripi" mövsüm qripi adlandırılır. Mövsümi olaraq keçid dövründə olan bir prosesdir. Bu qrip sıx nəqliyyat vasitələrində, yəni metroda, avtobusda yayılma ehtimalı daha çox olan, məktəblərdə daha çox yayılan bir proses kimi qiymətləndirilir. A(H3N2) bu virusun kodudur".
Bu barədə Redaktor.az-a həkim-terapevt Günay Lətifova “Honkonq qripi”nin nə olmasından və simptomlarından danışarkən bildirib. Onun sözlərinə görə, bu virus koronavirusla da bənzəyir. “Ancaq analizdən sonra tam vəziyyəti müəyyənləşdirmək olar. Simptomlar: baş ağrısı, ürəkbulanması, quru və bəlğəmli öskürək, hərarətin qalxmasıdır.
H3N2 qrip virusu əslində yeni deyil, mövsümi qripin uzun illərdir dövr edən tiplərindən biridir. Buna baxmayaraq, bu mövsüm bəzi ölkələrdə yoluxmaların sayının sürətlə artması həkimlərin və səhiyyə qurumlarının diqqətini yenidən bu virusa yönəldib. “Yeni Müsavat” xəbərinə görə, ÜST-nin Avropa üzrə rəhbəri doktor Hans Kluge bildirib ki, bu il qrip mövsümü əvvəlki illərlə müqayisədə daha erkən başlayıb. Onun sözlərinə görə, hazırda yayılan A(H3N2) virusu daha ağır deyil, lakin daha çox insana yoluxur. Kluge hesab edir ki, əsas problem virusun “yeni hiss olunmasıdır”, yəni əhalinin böyük hissəsinin bu konkret alt formaya qarşı kifayət qədər immun yaddaşı yoxdur. Bu isə xəstəxanalara müraciətlərin artmasına səbəb olur.
Bununla yanaşı, bəzi yoluxucu xəstəliklər üzrə mütəxəssislər vəziyyətə daha sakit yanaşırlar. ABŞ-də çalışan epidemioloq və infeksionist həkimlərdən bəziləri bildirirlər ki, A(H3N2) hər il müəyyən dalğalarla qayıdır və hazırkı artım qrip mövsümünün klassik gedişinə uyğundur. Onların fikrincə, media və sosial şəbəkələrdə mövzu bəzən həddindən artıq dramatik təqdim olunur və bu, insanlarda əsassız qorxu yaradır.
Johns Hopkins Universitetinin mütəxəssisi professor Andrew Pekosz qeyd edir ki, H3N2 qrip virusları digər qrip tipləri ilə müqayisədə daha tez dəyişir. Bu səbəbdən bəzi illərdə peyvəndlə uyğunluq zəif ola bilər. Lakin o vurğulayır ki, peyvəndin əsas məqsədi yoluxmanı tam dayandırmaq deyil, ağırlaşmaların, xəstəxanaya düşmənin və ölüm riskinin qarşısını almaqdır. Pekoszun fikrincə, hazırkı peyvənd bu baxımdan hələ də faydalıdır.
Britaniyalı ailə həkimləri və pediatrlar isə xüsusilə uşaqlarla bağlı narahatlıqlarını dilə gətirirlər. Onların müşahidələrinə görə, bu mövsüm məktəb yaşlı uşaqlar arasında qrip daha sürətlə yayılır. Bunun səbəbi kimi pandemiyadan sonra kollektiv immunitetin zəifləməsi göstərilir. Bəzi həkimlər deyir ki, son illərdə uşaqlar qrip virusları ilə daha az təmasda olduqları üçün indi xəstəliyi daha ağır keçirə bilirlər.
Digər tərəfdən, Almaniya və Skandinaviya ölkələrində çalışan bəzi infeksionistlər hesab edirlər ki, A(H3N2) ilə bağlı panikaya ehtiyac yoxdur. Onların fikrincə, xəstəxanaların dolması təkcə qriplə bağlı deyil, eyni zamanda kadr çatışmazlığı və səhiyyə sistemlərinin artıq illərdir yüklü olması ilə əlaqədardır. Bu həkimlər virusun özünün əvvəlki H3N2 dalğalarından ciddi fərqlənmədiyini deyirlər.
Asiyalı mütəxəssislər isə xüsusilə Honkonq və Cənubi Koreyada çalışan həkimlər isə daha ehtiyatlı mövqe tuturlar. Onlar bildirirlər ki, H3N2 yaşlı insanlarda və ürək-damar, ağciyər xəstəlikləri olan şəxslərdə ağır fəsadlara səbəb ola bilər. Bu səbəbdən risk qruplarının vaxtında peyvənd olunması və xəstəliyin ilk əlamətlərində həkimə müraciət edilməsi vacib sayılır.
Azərbaycanda isə səhiyyə qurumları virusun ölkəmizdə aşkarlanmadığını bildirir. Bizimlə söhbətdə Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov deyib ki, H3N2 qrip virusunun yayılması mövsümi xarakter daşıyır. Onun sözlərinə görə, hava şəraiti dəyişdikcə virus infeksiyaları da aktivləşir və xüsusilə immun sistemi zəif olan şəxslər bu xəstəliyə daha tez yoluxa bilirlər. Həkim qeyd edib ki, düzgün müalicə olunmamaq və qoruyucu tədbirlərə əməl edilməməsi yoluxma hallarının artmasına səbəb olur.
O vurğulayıb ki, qrip virusları hər il müəyyən dəyişikliklərə məruz qalır və bu dəyişikliklər virusun insan orqanizminə daha asan uyğunlaşmasına şərait yaradır: “Nəticədə immun sistem virusu dərhal tanımır və xəstəlik daha geniş yayılır. Bununla belə, hazırda vəziyyətin ciddi təhlükə yaratmadığını bildirib. Hazırda Azərbaycanda H3N2 virusunun geniş yayılması ilə bağlı rəsmi məlumat yoxdur və hər hansı təhlükə yaranarsa, aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcək”.
musavat.com














