Dekabrın 30-da Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri rayonun 3 saylı uşaq evində olublar. Ziyarət 31 Dekabr -Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaqlara sevinc gətirmək məqsədi ilə təşkil edilib.
1xeber.media xəbər verir ki,tədbir çərçivəsində uşaq evində tərbiyə alan uşaqlara bayram hədiyyələri təqdim olunub, onlarla səmimi söhbətlər aparılıb və bayram əhval-ruhiyyəsi yaradılıb. Nümayəndələr uşaqları qarşıdan gələn yeni il münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan azyaşlıların sosial müdafiəsi və rifahının təmin edilməsi prioritet istiqamətlərdən biridir. Bu sahədə Heydər Əliyev Fondu və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, bu cür humanist və sosial yönümlü təşəbbüslər gələcəkdə də davam etdiriləcək, uşaqların hərtərəfli inkişafı üçün lazımi dəstək göstəriləcəkdir.
Bayram ziyarəti uşaqlar üçün xoş xatirələrlə yadda qalıb və onların sevincinə sevinc qatıb.





















