ABŞ hökuməti Rusiyada olan vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti Rusiyada mövcud təhlükəsizlik və hüquqi riskləri nəzərə alaraq rəsmi xəbərdarlıq edib. Xüsusilə əsassız saxlanılma riski, məhdud konsulluq yardımı imkanları, eləcə də sanksiyalar səbəbilə bank kartlarından və pul köçürmələrindən istifadədə çətinliklər əsas təhlükə mənbələri kimi göstərilib.
Dövlət Departamenti ABŞ vətəndaşlarına Rusiyaya səfərlərdən tamamilə çəkinməyi, hazırda ölkədə olanlara isə təhlükəsiz çıxış yollarını gecikmədən planlaşdırmağı tövsiyə edib. Qeyd olunub ki, ABŞ-ın Moskvadakı diplomatik nümayəndəliklərinin imkanları məhduddur və fövqəladə hallarda kömək göstərilməsi çətinləşə bilər.
Xəbərdarlıq Rusiya ilə ABŞ arasında münasibətlərin gərgin olaraq qaldığı, qarşılıqlı sanksiyaların və siyasi qarşıdurmanın davam etdiyi bir dövrdə edilib.
ABŞ rəsmiləri vurğulayır ki, mövcud şəraitdə ölkədə qalmaq ciddi hüquqi və maliyyə riskləri yarada bilər.

















