Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən YABAN restoranının filialında oğurluq hadisəsi baş verdiyi iddia olunur.
Adının açıqlanmasını istəməyən xanımın bildirdiyinə görə, bir neçə gün əvvəl sözügedən məkanda olarkən barmağındakı şir təsvirli qızıl üzüyü çıxararaq masa üzərinə qoyub və sanitar qovşağa gedib. Onun sözlərinə görə, geri qayıtdıqda üzüyün yerində olmadığını görüb.Zərərçəkən xanımın iddiasına əsasən, itən üzüyün dəyəri 7 500 AZN təşkil edir.
O, dərhal restoranın administratoruna məlumat verdiyini, lakin hadisə ilə bağlı hər hansı nəticə əldə olunmadığını bildirib. İddia olunur ki, müəssisə tərəfindən məsələ yerindəcə araşdırılsa da, üzüyün tapılması mümkün olmayıb.Bundan sonra xanım hüquq-mühafizə orqanlarına müraciət edib. Məlumata əsasən, faktla bağlı Xətai Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
Hadisənin dəqiq hansı şəraitdə baş verdiyi, müşahidə kameralarının görüntülərinin olub-olmaması və digər detallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin – restoran rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.
AzTimes.az

















