
İran qüvvələri ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığı tərəfindən hazırlanan planın icrasına başlayıb. Planın məqsədi regionda “böyük yanğın” yaratmaq və total xaos formalaşdırmaqdır.
1xeber.media xəbər verir ki, bu barədə “Financial Times” nəşri İran elitasındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ötən ilin iyununda İsrailin İrana qarşı apardığı 12 günlük müharibədən sonra Xamenei və yaxın çevrəsi ətraflı plan üzərində işləməyə başlayıblar.
Bildirilir ki, plan enerji obyektlərinə və hava limanlarına zərbələri, həmçinin regionda hava nəqliyyatının iflicinə səbəb ola biləcək addımları ehtiva edib.
“Qırmızı xətlərimiz bütün beynəlxalq qanunlara zidd şəkildə keçildikdən sonra oyunun qaydalarına əməl edə bilməzdik. Vəziyyəti kəskinləşdirib böyük yanğın yaratmaqdan başqa seçimimiz yox idi”, - deyə mənbə bildirib.
Nəşr yazır ki, plan ABŞ və İsrailin kütləvi bombardmanları nəticəsində Xameneinin və ən azı altı yüksək rütbəli iranlı hərbçi və kəşfiyyat rəhbərinin, o cümlədən müdafiə nazirinin və SEPAH rəhbərinin həlak olmasına baxmayaraq icra olunub.
Xameneinin ölümündən bir neçə saat sonra yaradıldığı bildirilən üç nəfərlik müvəqqəti şuranın üzvü, ayətullah Əlirza Arafi bazar ertəsi yaydığı videomüraciətdə “bu müharibə Xameneinin planına uyğun və ləyaqətlə aparılır” deyə bəyan edib.
Məlumata görə, dünya fond bazarlarının açıldığı vaxt İran Fars körfəzi regionunda yerləşən iri enerji obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hədəflər arasında Səudiyyə Ərəbistanındakı nəhəng “Saudi Aramco” neft emalı zavodu və Qətərdə mayeləşdirilmiş qaz istehsalı müəssisəsi də olub.
SEPAH eyni zamanda Hörmüz boğazının neft tankerləri üçün bağlandığını və “regiondan bir damla belə neftin daşınmasına imkan verilməyəcəyini” açıqlayıb.
SEPAH komandanının müşaviri Əmir Əli Cabbari dövlət televiziyasına müsahibəsində Hörmüz boğazından keçməyə cəhd edən istənilən gəminin hədəfə alınacağını və “düşmən neft kəmərlərinə” zərbələr endiriləcəyini deyib. O, yaxın günlərdə neftin qiymətinin 200 dollara çata biləcəyini də iddia edib.
Bildirilir ki, ABŞ və İsrail arasında müharibə başladıqdan sonra İran dronları BƏƏ, Küveyt, İraq, Oman və Bəhreyndə yerləşən hotellərə, hava limanlarına və limanlara da zərbələr endirib. Həmçinin region üzrə ABŞ hərbi bazalarının raket və PUA hücumlarına məruz qaldığı, Kiprdəki Britaniya bazasına da zərbə endirildiyi iddia olunur.
“Bu proses davam edəcək və eskalasiya daha da artacaq. Onlar nə gözləyirdilər? İslam Respublikasının lideri hədəfə alınırsa, doğrudanmı heç nə baş verməyəcəyini düşünürdülər?”, - deyə İran elitasına yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, Xameneinin planı hərbi qərarların qəbulu mexanizminin mərkəzsizləşdirilməsini və sahədəki komandirlərə daha müstəqil qərar vermək səlahiyyətinin verilməsini də nəzərdə tutur. İyundakı müharibə zamanı idarəetmənin “yuxarıdan” həyata keçirildiyi vurğulanır, lakin indi bölmələrin koordinasiya saxlanılmaqla daha operativ hərəkət etdiyi bildirilir.
Mənbə əlavə edib ki, Dubaydakı hotellər kimi obyektlərə qarşı tədbirlər “amerikalıların yerləşdiyi istənilən məkanı təhlükəsiz olmayan zonaya çevirir” və bu, Fars körfəzi ölkələrində investisiya risklərini artırır.
“İnvestorlar onlara deyəcəklər ki, siz İranla qonşusunuz və istənilən an ölkənizin ortasına raket düşə bilər”, - deyə vəziyyətə yaxın mənbə vurğulayıb.
Musavat.com















