Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında öncüllüyünü qoruyan Azərbaycanın bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı təcrübə təqdir edilir. Enerji amili dövlətimizin iqtisadi siyasətində prioritetdir.
2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”.
Dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bu reallığı da diqqətə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Toplantıda bildirilib ki, bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından biri əldə edilib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanıb. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri, Cənub Qaz
Dəhlizi ilə məhdudlaşmır.
Həmçinin İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunub. Bura Egey dənizinin Türkiyə sahillərindəki 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı
olacaqdır. Bu da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyasını yanacaqla təmin edəcəkdir.
İclasda bildirilib ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. “Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik.
Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” –deyə ölkə başçısı əlavə edib. Ölkə başçısı tədbirdəki çıxışında vurğulayıb ki, “qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, – ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, – hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq”.
Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və əvəzolunmaz layihədir. Ölkəmiz sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edir.
Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir.
Bu gün Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq haqqında sənədlərin imzalanması da bunun təsdiqidir.
Asif Eyyubov,
Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun metodisti

















