Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin yaşadılmasında və gələcək nəsillərə
ötürülməsində daim misilsiz fədakarlıqlar göstərmiş, xalqımızın mədəni kimliyinin
formalaşmasında müstəsna rol oynamışdır.
Azərbaycan xanımları milliliklə müasirliyi vəhdət halında mənəviyyatlarının əsas
prinsipi kimi qəbul edərək geniş sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətdə mühüm yer
tutmuşlar. Maarifpərvər sələflərinin izindən gedərək müsəlman Şərqində qadınlar arasında
incəsənət, elm və təhsil sahələrində ilk addımları atan, yenilikçi və tərəqqipərvər olduqlarını
sübut edən Azərbaycan qadınları milli varlığımızın əsas dayağı olan mədəni irsimizin, ana
dilimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər.
Tarixin çətin dövrlərində cəmiyyətin mənəvi dayağına çevrilmiş, XX əsrin əvvəlində bir çox
inkişaf etmiş ölkələrin qadınlarından daha tez seçki hüququ əldə edərək ictimai və mədəni
həyatda fəal iştirak etmişlər. Müsəlman Şərqində incəsənət, elm və texnika sahəsində ilk
addımları atanlar arasında Azərbaycan qadınlarının yer alması onların millilik və müasirlik
harmoniyasını mənəvi dəyərlərində qoruyub saxlamalarının göstəricisidir.
Azərbaycan qadınları son yüz ildə xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrində
mühüm rol oynamış, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqillik ideyalarına sədaqətlə
ölkəmizin inkişafına töhfə vermişlər. Onlar bilik və bacarıqlarını ölkəmizin iqtisadi, mədəni və
elmi potensialının gücləndirilməsinə yönəltmişlər. Qadınların yüksək ictimai nüfuzu və
hüquqlarının tam təmin olunması müasir Azərbaycan cəmiyyətinin əsas nailiyyətlərindəndir.
Dövlət quruculuğunun fəal iştirakçısı olan Azərbaycan qadını milli nailiyyətlərimizin zirvəsinə
yüksəlmək və parlaq qələbə sevincini yaşamaq üçün bütün gücünü səfərbər etmişdir.
Vətəninə sədaqətlə bağlı olan Azərbaycan qadınları milli ideyalara uyğun gənc nəslin
yetişdirilməsində əhəmiyyətli rol oynamış, onların qəlbində haqqın qələbəsinə sarsılmaz inam
hissi yaratmışlar. Azərbaycan qadınının mənəvi gücü ilə yetişən bu nəsil, 44 günlük Vətən
müharibəsində rəşadət göstərərək xalqımızın mübarizlik simvoluna çevrilmişdir. Tarix boyu
qadına dərin ehtiram bəsləyən Azərbaycan xalqı dövlət qadın siyasətinin prinsiplərini bu köklü
ənənələr üzərində qurmuşdur.
Mənəvi-əxlaqi dəyərlərimizin qorunub yaşadılması analarımızın əməyi ilə sıx bağlıdır.
Zərifliyi, nəcibliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadınları, eyni zamanda, hünər və
qəhrəmanlıqları ilə tariximizə şanlı səhifələr yazmışlar. Taleyüklü sınaqlarda cəmiyyətin
mənəvi dayağı olmuş, 44 günlük Vətən müharibəsində fədakarlıqları ilə bu həqiqəti bir daha
təsdiqləmişlər.
Müasir dövrdə qadınların cəmiyyətdə fəal iştirakı, gender bərabərliyi məsələləri qlobal
əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar ataraq nümunəvi
nailiyyətlər əldə edib. Bunun nəticəsi olaraq, ölkəmizdə qadınların ictimai fəallığı əhəmiyyətli
dərəcədə artıb, onlar müxtəlif sahələrdə yüksək aktivlik nümayiş etdirərək böyük uğurlar
qazanıblar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq örnəkdir. Mehriban xanım
Əliyeva ölkəmizi layiqincə təmsil edən, xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən,
mədəniyyətə, idmana, elmə, təhsilə və səhiyyəyə xüsusi diqqət ayıran ictimai-siyasi xadim
kimi tanınır. Onun ali məqsədlərə xidmət edən fəaliyyəti bu sahələrin inkişafında mühüm rol
oynayaraq ölkəmizin tərəqqisinə böyük töhfələr verir. Azərbaycanın birinci xanımının
genişmiqyaslı ictimai-siyasi fəaliyyəti dünya miqyasında Azərbaycan qadınının müsbət
imicinin formalaşmasında əvəzsiz yer tutur.
Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması,
Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq aləmdə düzgün təqdim olunması
istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif dillərdə nəşr
olunan kitablarda Qarabağ məsələsinin tarixi, Ermənistanın işğalçılıq siyasəti və ermənilərin
insanlığa qarşı törətdikləri vəhşiliklər geniş şəkildə əks etdirilmişdir. Son illərdə Azərbaycanın
qazandığı uğurlar, eləcə də 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün
təmin olunması, ölkəmizin beynəlxalq müstəvidə maraqlarını qoruyan məqsədyönlü xarici
siyasətinin uğurlu nəticəsidir. Məhz strateji və uzaqgörən siyasət sayəsində Azərbaycan
dünya arenasında nüfuzunu artırmış, haqq işimiz beynəlxalq təşkilatlar və əksər ölkələr
tərəfindən dəstəklənmişdir.
Aydın məsələdir ki, qadınların siyasi proseslərdə fəal iştirakı, müxtəlif sahələrdə
qərarların qəbulunda söz sahibi olması demokratik cəmiyyətin qurulmasında mühüm rol
oynayır. Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyəti sübut edir ki, qadınların ictimai
mövqeyinin güclənməsi təkcə onların qadın məsələlərində deyil, ümumölkə məsələlərinin
həllində də fəal iştirak etməsindən asılıdır. Bununla yanaşı, dövlətin onlara lazımi imkanlar
yaratması da vacibdir və bu istiqamətdə Azərbaycan Respublikasında uğurlu addımlar
atılmaqdadır.
Ənənəvi ailə dəyərlərinə sadiq qalan Azərbaycan xanımları müasir düşüncəli, yenilikçi
və yaradıcıdırlar. Maarifpərvər sələflərinin davamçıları kimi onların ictimai nüfuzu, təhsil,
səhiyyə, mədəniyyət və elm sahələrindəki uğurları ölkəmizin hərtərəfli inkişafını təmin edən
əsas amillərdəndir. Azərbaycan qadınları bundan sonra da dinamik sosial-mədəni fəaliyyətləri
ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcək, ölkəmizin parlaq gələcəyinin
qurulmasında yaxından iştirak edəcəklər.
Ceyran Xəlilova,
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi
məsələlər şöbəsinin müdiri

















