8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il
bayram günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart –
Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan
qadınlarının bir qrupu medallarla təltif edilib.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün
dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz
mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin
müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş
meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə
başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq
qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin
yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları
öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına
xidmət edirlər.
Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta istisas təhsili müəssisələrində
80,9 faizi, ali təhsil müəssisələrində 54,0 faizi, həkimlərin isə 67,0 faizi qadınlardır. Qadınların elmin
inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan
elmlər doktoru elmi dərəcəsi alanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı 2,3
dəfə artmışdır. Azərbaycan qadınları ölkənin siyasi-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul
əhainin ümumi sayındakı xüsusi çəkisi 48,3 faiz təşkil edir. Milli Məclisdə qadın deputatların sayı artır.
Əgər 1990-cı ildə qadın deputatlar ümumi deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini təşkil
edirdisə, bu gün ölkəmizdə qadın deputatların xüsusi çəkisi 18,5 faiz təşkil edir. Qadınların reproduktiv
sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm
məsələlərdən biridir.
Azərbaycan qadınları torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir dövrdə gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi naminə
ağır və şərəfli vəzifələri layiqincə yerinə yetirmişlər. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün
sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda
Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb
ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və
ləyaqətlə yerinə yetirirlər.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin
həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz
tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, mövcud
qanunlarda dəyişikliklərin edilməsi, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv
olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı
istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin
formalaşdırılmasında müstəsna rol oynamışdır.
Qadınların Azərbaycan cəmiyyətində rolunun durmadan artmasına ən bariz nümunə Heydər
Əliyev Fondunun Prezidenti, Mehribav Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması,
Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyada birinci müavin postunun təsis olunması və bu
postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunmasıdır. Azərbaycanın
Birinci vitse-prezidenti və YAP sədrinin birinci müavini kimi Mehriban xanım Əliyeva Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə müasir Azərbaycanın dövlət quruculuğunda
yaxından iştirak edir və eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və təbliğ
edilməsində böyük işlər aparır.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri

















