"Hörmətli cənab nazir, Gəncə Dövlət Universitetində uzun müddətdir davam edən ciddi qanunsuzluqlar, maliyyə pozuntuları və idarəetmədə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət etmək məcburiyyətində qalmışıq..." "
1xeber.media xəbər verir ki, bu sözlər Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı adından Elm və Təhsil naziri Emin Əmrullayevə ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Digər ciddi məsələ isə İlqar Kubışevlə bağlıdır. İlqar Kubışev rektorun qəbuluna gələn əməkdaşların və vətəndaşların qəbuluna mane olur, onları rektorun yanına buraxmır və faktiki olaraq qəbul prosesinə özbaşına nəzarət edir. Bu isə universitetdə açıq şəkildə özbaşınalığın hökm sürdüyünü göstərir.
O, kollecin direktoru vəzifəsindən töhmətlə azad edilməsinə baxmayaraq, rektor Yusif Yusibov tərəfindən rektorun müşaviri vəzifəsinə təyin edilmişdir. Halbuki Nazirlik tərəfindən onun vəzifədən azad olunması ciddi şəkildə tələb olunur. Buna baxmayaraq, bu tələb müxtəlif formal yollarla yubadılır. Rektor Nazirliyə kələk gəlir. Yalandan deyir ki, işdən azad etmişəm. Onu müvəqqəti olaraq 15 günlüyə məzuniyyətə göndərib. Universitetin akkreditasiyası təsdiq olunandan sonra onu öz vəzifəsinə təyin etməyi planlaşdırır.
Universitetdə sosial məsələlərə də laqeyd yanaşılır. Məlum olduğu kimi, ölkənin bir çox ali təhsil müəssisələrində bayram günləri münasibətilə əməkdaşlara müəyyən maddi dəstək göstərilir. Lakin Gəncə Dövlət Universitetində belə hallara demək olar ki, rast gəlinmir. Nadir hallarda verilən məbləğ isə olduqca simvolik xarakter daşıyır və cəmi 30–35 manat civarında olur ki, bu da əməkdaşlarda ciddi narazılıq yaradır.
Bildiririk ki, Regional Kollecdə İlqar Kubışevin direktorluq müddəti Korrupsiya İdarəsi tərəfindən yoxlanılır. Aparılan yoxlamalar zamanı çoxsaylı korrupsiya və maliyyə yeyintisi halları aşkar edilmişdir. Həmçinin ümummilli liderimiz Heydər Əliyevin kollecdə olan tuncdan hazırlanmış heykəlinin satılması ilə bağlı ciddi məlumatlar mövcuddur. Görün, bu adam nə qədər şərəfsizdir ki, bu addımı da atıb. Əlbəttə bunu Yusif Yusibovun icazəsi olmadan edə bilməzdi.
Qeyd etmək istəyirik ki, Gəncə Dövlət Universitetində peşəkar və vicdanla çalışan çoxlu sayda müəllim və əməkdaş vardır və tədris prosesi ümumilikdə normal şəkildə davam edir. Lakin mövcud problemlərin əsas səbəbi universitet rəhbərliyinin idarəetmə üsulu və baş verən qanunsuzluqlardır.
Yuxarıda sadalanan faktların ciddi şəkildə araşdırılması, universitetdə baş verən maliyyə və idarəetmə pozuntularına hüquqi qiymət verilməsi və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Sizdən qətiyyətli müdaxilə etməyinizi xahiş edirik".
1xeber.media "DİA-AZ"-a istinadla bildirir ki, GDU-da baş verən narazılıq fonunda əsas səbəbkarlardan biri kimi diqqətə gələn İlqar Kubışev Mədəniyyət naziri Adil Kərimovun doğmaca xalası oğludur.















