Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio
Koşta arasında keçirilən görüşlər Aİ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir
daha nümayiş etdirir. Bu görüşlər siyasi dialoqun intensivliyini, iqtisadi əməkdaşlığın miqyasını
və enerji təhlükəsizliyi sahəsində qarşılıqlı maraqların daha da genişləndiyini göstərən mühüm
hadisə kimi diqqət çəkir.
Dövlətimizin başçısının bəyanatında qeyd olunduğu kimi, biz müxtəlif səviyyələrdə
tərəfdaşlığın fəal mərhələsindəyik. Son illərdə Avropa Komissiyasının üzvlərinin Bakıya ardıcıl
səfərləri, yüksək səviyyəli dialoqun davamlı xarakter alması və qarşılıqlı iqtisadi əlaqələrin
genişlənməsi bu əməkdaşlığın dinamik inkişafını təsdiqləyir. Xüsusilə ticari göstəricilər Avropa
İttifaqının əsas iqtisadi tərəfdaşlardan biri olduğunu göstərir. Cari ilin yanvar ayında ümumi
ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə əlaqəli olması tərəflər arasında
iqtisadi əməkdaşlığın real nəticələrini əks etdirir.
Avropa ilə münasibətlərdə ən mühüm istiqamətlərdən biri enerji sahəsində
əməkdaşlıqdır. Bu əməkdaşlıq xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə Enerji sahəsində
Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanmasından sonra daha da intensiv xarakter alıb.
Həmin sənəd Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı
kimi dəyərləndirilir.
Hazırda Avropa İttifaqına üzv 10 dövlət Azərbaycan qazını qəbul edir və ümumilikdə 16
dövlət boru kəmərləri vasitəsilə qaz təchizatından faydalanır. Bu göstərici boru kəməri ilə qaz
təchizatı üzrə dünya miqyasında aparıcı mövqelərdən birini nümayiş etdirir. Enerji ixracının
genişlənməsi yalnız iqtisadi əməkdaşlığın artmasına deyil, həm də Avropada enerji
təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Enerji tərəfdaşlığının əsas
platformalarından biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən illik
toplantılardır. Bu platforma enerji siyasətinin koordinasiyası, yeni layihələrin müzakirəsi və
Avropa bazarına qaz tədarükünün genişləndirilməsi baxımından mühüm rol oynayır.
Son illərdə qaz hasilatının artırılması istiqamətində həyata keçirilən layihələr gələcək
illərdə ixrac potensialının daha da genişlənəcəyini göstərir. Yeni yataqlardan hasilatın
başlanması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlərlə müqayisədə əlavə olaraq
minimum 10 milyard kubmetr qazın bazara çıxarılması planlaşdırılır. Bu isə Avropanın enerji
təchizatında alternativ və etibarlı mənbə rolunun daha da güclənməsi deməkdir.
Enerji əməkdaşlığının digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Külək,
günəş və su elektrik enerjisi layihələri üzrə həyata keçirilən investisiyalar yaxın illərdə böyük
enerji potensialının formalaşmasına şərait yaradacaq. Qarşıdakı beş-altı il ərzində ixrac üçün
nəzərdə tutulan 6-8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır.
Prezident İlham Əliyev çıxışında bildirib ki, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri,
dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.
Coğrafi və iqlim şəraiti bu sahədə böyük imkanlar yaradır. İl ərzində günəşli günlərin
çoxluğu və külək enerjisi potensialının yüksək olması yaşıl enerji layihələrinin inkişafını
sürətləndirən əsas amillərdən biridir. Avropa ilə əməkdaşlıq yalnız enerji sahəsi ilə
məhdudlaşmır. Nəqliyyat və logistika layihələri də həmin əməkdaşlığın mühüm
istiqamətlərindən biridir. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni tranzit
imkanlarının formalaşmasına şərait yaradır. Bu marşrut qlobal ticarət əlaqələrinin
şaxələndirilməsində və regionun logistika mərkəzinə çevrilməsində mühüm rol oynayır.
Tranzit əlaqələrinin genişlənməsi yalnız iqtisadi əməkdaşlığı deyil, həm də regional
sabitliyi və qarşılıqlı etimadı möhkəmləndirən amillərdən biri kimi dəyərləndirilir. Birgə
bəyanatda regional təhlükəsizlik və sülh məsələləri də mühüm yer tutur. Regionda sülh
mühitinin formalaşması yeni əməkdaşlıq imkanları yaradır. Ermənistanla paraflanmış sülh
sazişindən sonra regionda yeni reallıq yaranıb və bu proses artıq iqtisadi və nəqliyyat
əlaqələrinin genişlənməsinə şərait yaradır. Ticarət əlaqələrinin bərpası, tranzit
məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatı kimi addımlar sülhə
real töhfə verən praktik addımlar kimi səciyyələndirilir. Siyasi iradə və sülhə sadiqlik regionun
gələcəyi üçün əsas şərt olaraq göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2023-cü ilin
sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail
olmağımızdan iki ildən az vaxt keçir: “Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə
sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı
göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və
ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər
hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir”.
Avropa ilə münasibətlərin gündəliyi çoxşaxəlidir. Enerji təhlükəsizliyi, yaşıl enerji
layihələri, ticarət əlaqələri, nəqliyyat marşrutları və regional təhlükəsizlik məsələləri
tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq modeli həm iqtisadi maraqlar, həm
də qlobal enerji təhlükəsizliyi, regional sabitlik və qarşılıqlı inkişaf prinsiplərinə əsaslanır.
Qarşıdakı illərdə yeni investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat
infrastrukturlarının genişləndirilməsi və siyasi dialoqun davamlılığı həmin münasibətlərin daha
da möhkəmlənəcəyini göstərir.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri

















