Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana reallaşdırdığı işgüzar səfər,
həmçinin Tbilisidə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə
keçirdiyi yüksək səviyyəli görüşlər regionun siyasi mənzərəsini müəyyən edən strateji
hadisədir. Bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Gürcüstan
arasındakı münasibətlər sadəcə mehriban qonşuluq müstəvisini çoxdan aşaraq, dərin etimada
və sarsılmaz qardaşlıq bağlarına söykənən strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Müstəqillik illərində iki dövlət arasındakı əlaqələr Ulu Öndər Heydər Əliyevin və Eduard
Şevardnadzenin sayəsində yeni mərhələyə qədəm qoyub. Beləliklə, ötən əsrin 90-cı illərinin
ortalarından etibarən Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkələrimiz
arasında demək olar ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində ikitərəfli və faydalı
əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri isə Gürcüstanla əlaqələri
tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldib. Prezident İlham Əliyevin qətiyyətli siyasəti
sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, “Cənub Qaz Dəhlizi”nin inşası həm də Gürcüstanla əlaqələrin strateji
səviyyəyə yüksəlməsini təmin edib. Azərbaycanın qlobal təşəbbüsləri həm də Gürcüstanı
regionun tranzit dövlətinə çevirib, onun maliyyə imkanlarının yüksəlməsinə, əhalisinin sosial
rifahının yaxşılaşmasına xidmət edib. Bu gün Azərbaycan öz enerji resurslarını Avropa
bazarlarına məhz Gürcüstan üzərindən çatdırır. Eyni zamanda, Şərqdən Qərbə gedən nəhəng
yük daşımalarında – “Orta Dəhliz” layihəsində Gürcüstan bizim üçün mühüm və əvəzedilməz
tranzit tərəfdaşdır. Azərbaycan eyni zamanda Gürcütana sərmayə yatıran əsas ölkədir. Lakin
bizi birləşdirən təkcə iqtisadi maraqlar və boru kəmərləri deyil, bu münasibətlərin təməlində
xalqlarımızın çoxəsrlik tarixi kökləri və qarşılıqlı hörmət dayanır.
Dövlət başçısı cənab İlham Əliyevin Baş nazir İrakli Kobaxidze ilə mətbuata
bəyanatında xüsusi vurğuladığı bir məqam münasibətlərimizin siyasi onurğa sütununu təşkil
edir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və
sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyib. Bu prinsipial mövqe hər iki dövlətin
beynəlxalq hüquqa sadiqliyinin və regional sabitliyin qorunması naminə nümayiş etdirdikləri
həmrəyliyin göstəricisidir. Biz beynəlxalq platformalarda da hər zaman vahid cəbhədən çıxış
edərək bir-birimizin maraqlarını müdafiə edirik.
Prezidentin bu səfəri və aparılan müzakirələr göstərir ki, Azərbaycan-Gürcüstan
əlaqələri dinamik şəkildə, yüksələn xətt üzrə inkişaf edir. Bu tərəfdaşlıq təkcə iki ölkənin
rifahına deyil, həm də bütün Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsinə
xidmət edir. Hesab edirəm ki, Tbilisidə əldə olunmuş razılaşmalar yaxın gələcəkdə həm enerji,
həm də nəqliyyat-logistika sahəsində yeni uğurlu layihələrin təməlini qoyacaq. Dostluğa və
strateji tərəfdaşlığa söykənən bu birliyin sarsılmazlığı regionun gələcək təhlükəsizliyinin ən
böyük təminatıdır.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru

















