Yaxın Şərqdə davam edən qanlı münaqişənin dəhşətli statistikası açıqlanıb
1xeber.media xəbər verir ki, “Al Jazeera” telekanalı 28 fevraldan 7 aprel 2026-cı il tarixinə qədər olan itkilərlə bağlı geniş infoqrafika yayımlayıb.
Təqdim olunan rəsmi məlumatlar bölgədəki hərbi gərginliyin nə dərəcədə faciəvi həddə çatdığını göstərir. İnfoqrafikada həm İranın hücumları, həm də İsrail və ABŞ-ın cavab zərbələri nəticəsində yaranan itkilər ölkələr üzrə detallı şəkildə qeyd olunub:
İsrail və ABŞ-ın hücumları nəticəsində (Mavi dairə):
İran: Münaqişənin ən ağır zərbəsi Tehranın payına düşüb. Burada 2 076 nəfər həlak olub, 26 500 nəfər isə yaralanıb. Bu rəqəmlər İranın müxtəlif nazirliklərinin aprelin 3-nə olan son hesabatlarına əsaslanır.
Livan: İsrail Ordusunun (SAXAL) intensiv hava hücumları nəticəsində 1 497 nəfər həyatını itirib, 4 639 nəfər yaralanıb.
İraq: Bu ölkədə 109 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Suriya və Fələstin: Hər iki bölgədə 4 nəfər həlak olub.
İranın hücumları nəticəsində (Qırmızı dairə):
İsrail: İranın birbaşa və proksilər vasitəsilə həyata keçirdiyi hücumlar nəticəsində 26 nəfər ölüb, 7 183 nəfər yaralanıb.
ABŞ hərbçiləri: Bölgədəki əməliyyatlarda iştirak edən ABŞ ordusunun 13 hərbçisi həlak olub, 200 nəfəri isə yaralanıb.
Körfəz ölkələri və digər dövlətlər: İtkilər həmçinin İordaniya (29 yaralı), Küveyt (7 ölü), Bəhreyn (3 ölü), Qətər (16 yaralı), BƏƏ (12 ölü, 221 yaralı), Oman (3 ölü, 15 yaralı) və Səudiyyə Ərəbistanında (2 ölü, 22 yaralı) qeydə alınıb.
ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında bölgədəki hərbi aktivliyin artması və İranın buna kəskin cavabları itkilərin sayını hər ötən gün daha da artırır. Vəziyyətin sürətlə dəyişməsi səbəbindən infoqrafikadakı rəqəmlərin hər an yenilənə biləcəyi vurğulanır. Hazırkı mənzərə göstərir ki, Hörmüz boğazı və ətrafındakı gərginlik qlobal təhlükəsizlik üçün ən ciddi amil olaraq qalır”.

















