İpoteka kreditləri ilə bağlı yaranan mübahisələr məhkəmə təcrübəsində daha çox diqqət çəkir. Bu cür işlərdə tərəflərin hüquq və öhdəliklərinin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Əsas sual isə ondan ibarətdir ki, məhkəmələr belə mübahisələrdə hansı meyarlara üstünlük verir və kreditorun bildiriş təqdim etməsi, əmlakın qiymətləndirilməsi, eləcə də satış proseduru prosesində hüquqların qorunması necə təmin olunur.
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, ipoteka kreditləri ilə bağlı yaranan mübahisələr mülki hüququn ən həssas və praktik əhəmiyyət daşıyan sahələrindən biridir.
"Bu kateqoriyaya aid işlərdə məhkəmələr, bir qayda olaraq, borcalanın və kreditorun hüquq və mənafeləri arasında balansın qorunmasına xüsusi diqqət yetirirlər. Qərar qəbul edilərkən əsas meyar kimi müqavilə şərtləri, qanunvericiliyin tələbləri və tərəflərin davranışlarının dürüstlük prinsipi ilə uyğunluğu götürülür. İlk növbədə, kreditor tərəfindən borcalana bildirişin təqdim edilməsi mühüm hüquqi əhəmiyyət kəsb edir. Məhkəmələr yoxlayırlar ki, kreditor borcun gecikməsi, müqavilənin pozulması və ya ipoteka predmetinin tutulması ilə bağlı borcalanı vaxtında və düzgün formada məlumatlandırıbmı. Əgər bildiriş qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təqdim edilməyibsə, bu, çox vaxt kreditorun tələblərinin təmin olunmasına maneə yaradır. Çünki bildiriş borcalana öz öhdəliklərini yerinə yetirmək və ya mübahisəni məhkəmədənkənar qaydada həll etmək imkanı verir".
Vəkil bildirib ki, digər mühüm meyar ipoteka ilə yüklü əmlakın qiymətləndirilməsidir.
"Məhkəmələr qiymətləndirmənin obyektivliyini və bazar dəyərinə uyğunluğunu diqqətlə araşdırırlar. Əmlakın real bazar qiymətindən xeyli aşağı qiymətləndirilməsi borcalanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bu səbəbdən müstəqil qiymətləndiricilərin cəlb olunması və onların rəyinin əsaslandırılmış, şəffaf olması xüsusi əhəmiyyət daşıyır. Qiymətləndirmədə yol verilən pozuntular sonrakı satış prosesinin etibarlılığına da təsir edir. Satış prosesi ipoteka münasibətlərində ən çox mübahisə doğuran mərhələlərdən biridir. Məhkəmələr bu zaman satışın açıq, şəffaf və rəqabətli şəraitdə həyata keçirilib-keçirilmədiyini araşdırırlar. Əgər satış proseduru pozularsa, məsələn, hərrac formal xarakter daşıyarsa və ya maraqlı şəxslərin iştirakı məhdudlaşdırılarsa, bu, satışın etibarsız sayılması ilə nəticələnə bilər. Satışdan əldə olunan vəsaitin düzgün bölüşdürülməsi də vacib amildir və burada borcalanın qalan vəsaitə olan hüququ qorunmalıdır. Ümumilikdə, məhkəmələr ipoteka kreditləri üzrə mübahisələrdə formal yanaşmadan daha çox maddi ədalət prinsipinə üstünlük verirlər. Yəni yalnız sənədlərin mövcudluğu deyil, onların necə tətbiq edildiyi, tərəflərin davranışları və hüquqların faktiki təmin olunması əsas götürülür. Bu yanaşma maliyyə institutlarının məsuliyyətini artırır və borcalanların hüquqlarının daha effektiv müdafiəsinə şərait yaradır".

















