Sevinc Vaqif qızı Hüseynova 06.09.2018-ci il tarixdən 13.09.2023-cü il tarixədək 227 nömrəli tam orta ümumtəhsil məktəbinin, 14.09.2023-cü il tarixindən isə 278 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru kimi çalışır. Hazırda vəzifə səlahiyyətlərini icra edir.
Bu barədə "Yeni Sabah"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Məlumatda qeyd edilib ki, Baş Prokurorluğun yaydığı məlumatdan sonra eyni ad-soyadlı şəxslərin qarışdırılması bəzi kütləvi informasiya vasitələrində yanlış xəbərlərin yayılmasına səbəb olub.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızı ekstradisiya olunub. Bildirilib ki, o, məktəb direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə şübhəli bilinir və barəsində beynəlxalq axtarış elan olunmuşdu.
BŞTİ isə bəzi mediada yayılan məlumatlara aydınlıq gətirərək qeyd edib ki, xəbərlərdə adı çəkilən şəxs 227 və 278 nömrəli məktəblərin direktoru Sevinc Vaqif qızı Hüseynova ilə eyni şəxs deyil.

















