Əmək qanunvericiliyinə təklif olunan dəyişikliklər çərçivəsində işə qəbul zamanı narkoloji müayinənin məcburi edilməsi və müsbət nəticə olduğu halda əmək münasibətlərinin rəsmiləşdirilməməsi və ya xitam verilməsi məsələsi geniş müzakirə olunur. Bəs, bu yanaşma işçilərin hüquqlarına və işəgötürənlərin məsuliyyətinə necə təsir edəcək, həmçinin əmək bazarında hansı nəticələrə gətirib çıxara bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, işə qəbul zamanı bir çox dövlət strukturlarında, xüsusilə müəyyən dövlət orqanlarında narkoloji müayinədən keçmək əvvəldən məcburi xarakter daşıyıb.
"Elə qurumlar da var ki, orada müntəzəm narkoloji yoxlanış tələb olunur. Lakin ümumi yanaşmada bu məsələ bütün dövlət iş yerlərinə şamil edilmirdi. İndi isə Əmək Qanunvericiliyinə təklif olunan dəyişikliklərə əsasən işə qəbul zamanı belə müayinələrin ümumi qaydada tətbiqi nəzərdə tutulur. Bunun əsas səbəbi son dövrlərdə bu istiqamətdə müşahidə olunan statistik dəyişikliklər və yaranan risklərdir. Bu dəyişikliklərin məqsədi cəmiyyətin daha sağlam, təhlükəsiz və nəzarətli mühitdə fəaliyyət göstərməsini təmin etməkdir".
Sosioloq bildirib ki, hesab olunur ki, bu cür müayinələrin təkcə işə qəbul zamanı deyil, müntəzəm şəkildə aparılması da vacibdir.
"Eyni zamanda testlərdən keçə bilməyən və problemləri aşkar olunan şəxslərin əmək münasibətlərinə uyğun şəkildə qiymət verilməsi də hüquqi baxımdan əsaslandırılmış addım kimi dəyərləndirilir. Bu yanaşma həm əmək intizamının gücləndirilməsi, həm də zərərli vərdişlərin yayılmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Belə addımların nəticə etibarilə həm mövcud nəslin, həm də gələcək nəsillərin sağlamlığına müsbət təsir göstərəcəyi düşünülür. Eyni zamanda bu, əmək bazarında daha ciddi yanaşmanın və intizamlı mühitin formalaşmasına xidmət edir. Bu dəyişikliklərin yalnız dövlət sektorunu deyil, ümumilikdə bütün işəgötürənləri əhatə etməsi məqsədəuyğun hesab olunur. Fəaliyyət növündən asılı olmayaraq bütün sahələrdə bu cür yanaşmanın tətbiqi əmək bazarında daha sağlam və təhlükəsiz mühitin formalaşmasına töhfə verə bilər".
















