Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1xeber.media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib.
Zərərçəkən İlham Hüseyn təqsirləndirilən A.Əsədli ilə 2020-ci ildə seçkilər vaxtı bir yerdə çalışdıqlarını deyib:
"Mən Anara ağsaqqal kimi çox dəstək olmuşam. Seçki qurtarandan sonra, təxminən martın 22-si olardı, mənə dedi ki, "Qərargahın puluna görə maddi sıxıntım var, mənə dəstək ola bilərsən?". Mən ona dedim ki, cəmi 2 min dollar pulum var, onu verə bilərəm.
O da dedi ki, "Bu məbləğ yetməz, gör kimdən pul tapırsan". Mən oradan-buradan toplayıb ona 10 min dollar borc pul tapıb verdim. Günü-günə, ayı-aya qatdı, pulumu qaytarmadı. Sonra öyrəndim ki, bir neçə adamın da pulunu qaytarmayıbmış. Mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdim. Bundan sonra pulumu qaytardılar. Hazırda pulumu ödənilib deyə şikayətim yoxdur".
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. O, ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 manat geri qaytarıb. Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb.
Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

















