İki həmyaşıdını öldürməyə cəhddə təqsirləndirilən Firac Hüseynovun məhkəməsi başlayıb.
1xeber.media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Xıdır Məmmədov təqsirləndirilən şəxsi tanıdığını bildirib:
"Məktəbdən çıxanda gördüm ki, Nihadla təqsirləndirilən şəxs arasında mübahisə var. Firacın Nahidə neçə bıçaq vurduğunu görmədim. Hadisə günorta saatlarında baş vermişdi. Firac Nihadla kobud danışdığı üçün Nihad ona şillə vurdu.
Təqsirləndirilən şəxs isə bildirib ki, şahidin dedikləri yalandır:
"Əksinə mənim üstümə düşmüşdülər. Mən özümü müdafiə etmək üçün Malikə 4 bıçaq zərbəsi Nadirə isə 1 bıçaq vurdum. Onlar çox idilər. Məcbur idim bıçaqla özümü müdafiə etməyə. Bıçaqla vurduqca üstümə gəlirdilər. Hadisə olan vaxt mənim 16 yaşım var idi".
Daha sonra şahid qismində Kamil Fərzəliyev dindirilib:
"Sinif yoldaşımla sinifdə mübahisəmiz olsun. Müəllimimiz bizi barışdırdı. Daha sonra çölə çıxdım Firacı gördüm. Məndən soruşdu ki niyə kefin yoxdu. Mən də səbəbini izah etdim. Bir gün sonra eşitdim ki, bıçaqlanma hadisəsi baş verib" .
Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Firac Hüseynov iki nəfəri bıçaqlayıb.
Xəstəxanaya çatdırılan zərərçəkmişlərin həyatını xilas etmək mümkün olub.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

















