Kiyevdə baş verən terror aktı zamanı polis əməkdaşlarının atəş səslərini eşidərək hadisə yerindən qaçdığını və mülki şəxsləri müdafiəsiz qoyduğunu əks etdirən görüntülər yayılıb.
1xeber.media xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko faktla bağlı dərhal xidməti araşdırma aparılması barədə göstəriş verib.
Sosial şəbəkələrdə yayılan videolarda aydın şəkildə görünür ki, patrul əməkdaşları silah səsləri gələn zaman ərazidən uzaqlaşır, nəticədə aralarında uşaqların da olduğu mülki şəxslər təhlükə ilə üz-üzə qalır. Görüntülərdə terrorçunun bir kişiyə atəş açdığı, azyaşlı bir oğlanın isə canını qurtarmaq üçün qaçmağa çalışdığı anlar əks olunub.
Nazir İqor Klimenko insidentə sərt reaksiya verərək Milli Polisin rəhbəri İvan Viqovskiyə hadisə ilə bağlı bütün detalların araşdırılmasını və məlumatların Dövlət Təhqiqat Bürosuna təqdim edilməsini tapşırıb. “Xidmət etmək və qorumaq” ifadəsinin sadəcə şüar olmadığını vurğulayan nazir, xüsusilə insanların həyatının asılı olduğu kritik məqamlarda peşəkar fəaliyyətin vacibliyini qeyd edib.
Qeyd edək ki, hadisə aprelin 18-də axşam saatlarında Kiyevin Qoloseyevski rayonunda baş verib. Silahlı şəxs öz mənzilini yandırdıqdan sonra küçədən keçənlərə nizamsız atəş açıb, daha sonra insanların olduğu “Velmart” supermarketinə daxil olaraq orada barrikada qurub.
Xüsusi təyinatlıların (KORD) həyata keçirdiyi əməliyyat zamanı cinayətkar zərərsizləşdirilib. Ukrayna hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi təsnif edib. Son məlumatlara görə, atışma nəticəsində 6 nəfər (5 mülki şəxs, 1 hücum edən terrorçu) ölüb, 14 nəfər yaralanıb.
















