AzTV-də kadr qalmaqalı: Produser 60 min manatlıq mənimsəmədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində produser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib. 32gun.az-a kanala yaxın mənbədən daxil olan məlumata görə, istefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun təkidli tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.
V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunması göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.
Məlumatlı mənbənin bildirdiyinə görə, Vüsal Qaraca və Rövşən Məmmədov arasında uzun illərə dayanan münasibət mövcuddur. Məlumata görə, Vüsal Qaraca Azərbaycan Universitetində tələbə olduğu illərdə, paralel olaraq 'Lider TV'-də çalışan və həmin ali təhsil ocağında müəllimlik fəaliyyəti ilə məşğul olan Rövşən Məmmədovun tələbəsi olub. Məhz müəlliminin köməkliyi ilə V.Qaraca əvvəlcə "Lider TV"-də işə düzəlib. Sonradan Rövşən Məmmədov AzTV-yə sədr təyin olunduqdan sonra özünün "ən yaxşı kadrı" kimi hesab etdiyi V.Qaracanı da kanala dəvət edib. Vüsal Qaraca AzTV-də fəaliyyəti dövründə kanalın "mobil qrup"unun admini və xəbərlər direktorunun müavini kimi məsul vəzifələrdə də çalışıb.
PS: Həm kanala, həm də xəbərdə adı keçən Vüsal Qaraca ya suallarımızı ünvanlasaq da cavab ala bilməmişik

















