“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Qəbələ rayonu ərazisində ağacəkmə aksiyası davam etdirilir.
Rayon İcra Hakimiyyətindən 1xeber.media-nın bölgə müxbirinə verilən məlumata görə, rayonun müxtəlif idarə və təşkilatların, könüllülərin qatıldığı budəfəki aksiya Qəbələ şəhəri ərazisində reallaşıb. Aksiya iştirakçıları 500 ədəd çinar və 200 ədəd söyüd ağacları əkib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Rayon İcra Hakimiyyətindən o da bildirilib ki, bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

















