İsveç kəşfiyyatı: Rusiyada real inflyasiya rəsmi göstəricidən üç dəfə yüksəkdir.
1xeber.media xəbər verir ki,İsveçin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Tomas Nilssonun sözlərinə görə, Rusiyada real inflyasiya rəsmi rəqəmlərdən xeyli yüksəkdir. Onun qiymətləndirməsinə əsasən, bu göstərici Mərkəzi Bankın açıqladığı 5,86 faizlə deyil, təxminən 15 faiz olan əsas faiz dərəcəsinə daha yaxındır.
Kəşfiyyat hesab edir ki, Rusiya hakimiyyəti inflyasiya və büdcə kəsiri də daxil olmaqla iqtisadi göstəriciləri sistemli şəkildə aşağı göstərir. Almaniya kəşfiyyatı BND-nin qiymətləndirməsinə görə, büdcə kəsiri təxminən 30 milyard dollar az göstərilə bilər.
İsveç kəşfiyyatı həmçinin mümkün bank böhranının əlamətlərini qeydə alır və qeyd edir ki, Rusiya iqtisadiyyatı getdikcə daha çox borclardan və hərbi xərclərdən asılı vəziyyətə düşür.
Nilssonun sözlərinə görə, müharibə üçün silah istehsalına əsaslanan artım modeli davamlı ola bilməz və Rusiya iqtisadiyyatı perspektivdə ya uzunmüddətli tənəzzüllə, ya da maliyyə şoku ilə üzləşə bilər.

















