İşğaldan azad edilmiş ərazilərə mövsümi köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair maarifləndirmə təlimlərinə start verilib.
1xeber.media xəbər verir ki, təlimlər Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təşkil olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) təlimçilərinin təlim keçdiyi DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları və riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilir.
Fermerlər öz rayonlarını tərk etmədən bu təlimlərdə iştirak edə bilirlər. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də təlimlərin daha geniş əhatə dairəsində həyata keçirilməsinə şərait yaradır.
Xatırladaq ki, ötən 5 mövsüm ərzində bu təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və ANAMA-nın iştirakı ilə müxtəlif şəhər və rayonlarda mərkəzləşdirilmiş qaydada keçirilib. Həmin dövrdə fermerlər üçün genişmiqyaslı maarifləndirici tədbirlər təşkil olunaraq təhlükəsizlik qaydaları ətraflı izah edilib.

















