Dünən təxminən saat 12:10 radələrində Bakı metrosunun "Ulduz-Nərimanov" mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Nəticədə saat 15:00-a kimi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu səbəbdən minlərlə sərnişinin gediş-gəlişinə problem yaranıb.
1xeber.media Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov hadisəyə görə bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb və bəzilərinə töhmət elan olunub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə sözügedən mövzu ilə bağlı belə cavab verib:
"Hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır".
Mətbuat katibi onu da bildirib ki, bundan sonra, "Bakı Metropoliteni"ndə qatarların hərəkəti, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və ən vacibi bir daha belə bir hadisənin təkrarlanmaması üçün ən vacib və doğru qərarlar qəbul ediləcək.

















