İcarəyə verənin hüquqları və vəzifələri qanunla müəyyənləşir.
1xeber.media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılan yeni - “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, icarəyə verənin aşağıdakı hüquqları vardır:
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, dövri olaraq icarəçidən onun maliyyə hesabatlarının (maliyyə vəziyyətini əks etdirən hesabatların) təqdim edilməsini tələb etmək və maliyyə icarəsi obyektinin vəziyyətini və istismar şəraitini yoxlamaq məqsədilə maliyyə icarəsi obyektinə baxış keçirmək;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, icarəçi öz hərəkətləri (hərəkətsizliyi) ilə maliyyə icarəsi obyektinin məhvi, itirilməsi, zədələnməsi üçün təhlükə yaratdıqda, yaxud icarəçi maliyyə icarəsi müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müvafiq hallar aradan qaldırılanadək icarəçidən maliyyə icarəsi obyektindən istifadə hüququnun məhdudlaşdırılmasını və ya dayandırılmasını tələb etmək;
- borc vəsaitlərinin cəlb edilməsi məqsədilə maliyyə icarəsi obyektini girovla (ipoteka ilə) yüklü etmək;
- maliyyə icarəsi obyekti ilə bağlı və ya maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarını tam və ya qismən maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslərə güzəşt etmək (bu halda, hüquqları əldə edən şəxsə icarəyə verənin bu Qanunla və maliyyə icarəsi müqaviləsi ilə müəyyən edilmiş vəzifələri də keçir);
- bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş hallarda maliyyə icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək.
İcarəyə verənin vəzifələri aşağıdakılardır:
- Bu Qanunun 5.4-cü və 9.1.1-ci maddələri nəzərə alınmaqla, satıcı ilə alqı-satqı müqaviləsini bağlamaq;
- maliyyə icarəsi obyekti üzrə üçüncü şəxslərin hüquqları, o cümlədən maliyyə icarəsi obyektinin yüklülüyü barədə icarəçini məlumatlandırmaq;
- icarəçinin razılığı olmadan alqı-satqı müqaviləsində maliyyə icarəsi müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təsir edən dəyişiklik etməmək;
- maliyyə icarəsi obyektini maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun olaraq icarəçinin sahibliyinə və istifadəsinə vermək;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu icarəçiyə ötürmək;
- maliyyə icarəsi ilə əlaqədar bağladığı müqavilələrdən irəli gələn digər öhdəlikləri lazımi qaydada və vaxtında icra etmək.
Maliyyə icarəsi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə icarəsinin obyekti, onun satıcısı və (və ya) alqı-satqı müqaviləsinin şərtləri icarəçi tərəfindən müəyyən edildiyi halda, icarəyə verən satıcı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin icrasına görə icarəçi qarşısında məsuliyyət daşımır.
İcarəyə verən sahibliyə və istifadəyə verilmiş maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya icarəçiyə əvvəlcədən məlum olan, yaxud icarəçinin maliyyə icarəsi obyektini nəzərdən keçirərkən və ya onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
İcarəyə verən maliyyə icarəsi müqaviləsi, o cümlədən icarəçi barədə məlumatların “Kommersiya sirri haqqında” Qanuna uyğun olaraq qorunmasını təmin etməlidir.
İcarəçinin hüquqları və vəzifələri də qanunla müəyyənləşəcək.
Layihəyə görə, icarəçi aşağıdakı hüquqlara malikdir:
- maliyyə icarəsi obyektini sifariş etmək və (və ya) onun satıcısını müəyyən etmək;
- maliyyə icarəsi obyektinin satıcısına qanundan və alqı-satqı müqaviləsindən irəli gələn tələbləri irəli sürmək;
- icarəyə verən maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə onun tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırılanadək maliyyə icarəsi ödənişlərini dayandırmaq;
- icarəyə verən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulan hüquqlarından əsassız istifadə etdikdə bunun nəticəsində vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb etmək;
- maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilənin müddəti bitdikdən sonra alış qiymətini ödəməklə əmlakı əldə etmək, icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq və ya maliyyə icarəsi obyektini geri qaytarmaq;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda və ya icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi ödənişlərini vaxtından əvvəl icra etmək və maliyyə icarəsi obyekti üzrə mülkiyyət hüququnu əldə etmək.
İcarəçi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulmadan və ya icarəyə verənin yazılı razılığı olmadan:
- maliyyə icarəsi obyektini kirayəyə, o cümlədən icarəyə, sub-maliyyə icarəsinə verə və ya hər hansı formada yüklü edə bilməz;
- müqavilədən irəli gələn hüquqlarını üçüncü şəxslərə güzəşt edə bilməz.
İcarəçinin vəzifələri aşağıdakılardır:
- maliyyə icarəsi ödənişlərini maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan müddətlərdə və qaydada həyata keçirmək;
- maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin qəbul edilməsi və maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsindən irəli gələn tələblərin irəli sürülməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək;
- bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulduğu halda, çatdırılmış və quraşdırılmış maliyyə icarəsi obyektinin çatdırılması (quraşdırılması) barədə təhvil-təslim (quraşdırma) aktlarının bir nüsxəsini icarəyə verənə təqdim etmək;
- maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddət ərzində maliyyə icarəsi obyektinin salamatlığını təmin etmək, onu işlək vəziyyətdə saxlamaq və yalnız maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun istifadə etmək;
- maliyyə icarəsi müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin daşınması, qəbulu, quraşdırılması, sökülməsi, istismarı, saxlanması, qorunması, texniki xidmət göstərilməsi, cari və orta təmiri ilə bağlı bütün xərcləri və digər əlaqədar xərcləri çəkmək;
- maliyyə icarəsi obyektinə üçüncü şəxslərin istənilən qəsd halları barədə icarəyə verəni məlumatlandırmaq;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda (geriyə maliyyə icarəsində bu şərtdən asılı olmayaraq), maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək, yaxud geriyə maliyyə icarəsi halı istisna olmaqla maliyyə icarəsi obyektini normal aşınma nəzərə alınmaqla, müqavilənin şərtlərinə uyğun vəziyyətdə icarəyə verənə qaytarmaq.
Bu Qanuna uyğun olaraq, icarəçinin məsuliyyət daşıdığı əmlak risklərinin yaranması onu maliyyə icarəsi ödənişlərini ödəmək vəzifəsindən azad etmir.

















