Rumıniyanın “Click” nəşrində dərc olunan məqalədə Qafqaz regionunda 30 ildən artıq bağlı qalan ərazilərin yenidən açılması fonunda Avropa ilə Asiya arasında ticarət marşrutlarının dəyişə biləcəyi təhlil olunur.
1xeber.media xəbər verir ki, məqalədə Türkiyənin Ermənistanla sərhəddə yerləşən və uzun illərdir bağlı olan Alican keçid məntəqəsini yenidən açmağı planlaşdırdığı bildirilir. Bu addım Avropa ilə Asiya arasında yeni quru ticarət marşrutunun formalaşmasına şərait yarada bilər.
Qeyd olunur ki, hazırda demək olar ki, istifadəsiz qalan bu ərazi gələcəkdə mühüm tranzit bölgəsinə çevrilə bilər. Bildirilir ki, artıq keçid məntəqəsində sənədlərin yoxlanılması üçün müasir sistemlərin quraşdırılmasına başlanılıb və layihə konkret mərhələyə daxil olub. Bu təşəbbüs Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan daha geniş proseslə bağlıdır və regional əməkdaşlığın genişlənməsinə xidmət edir.
Bildirilir ki, layihə çərçivəsində Türkiyənin Avropa ilə Asiya arasında təhlükəsiz və sabit tranzit mərkəzinə çevrilməsi hədəflənir. Bu isə xüsusilə Hörmüz boğazı kimi geosiyasi risklərin yüksək olduğu marşrutlardan yan keçmək baxımından strateji əhəmiyyət daşıyır.
Məqalədə qeyd olunur ki, təşəbbüs “Sülh və Beynəlxalq Rifah üçün Tramp Marşrutu” kimi təqdim olunur və regionda yeni ticarət, logistika imkanlarının yaradılmasını nəzərdə tutur.
Bununla yanaşı, Türkiyə Körfəzi Avropa ilə birləşdirəcək “İnkişaf yolu” layihəsini də irəli sürür. Lakin bu layihənin yüksək maliyyə tələbləri və İraq ərazisindən keçməsi onun həyata keçirilməsini çətinləşdirir. Daha real alternativ kimi isə artıq qismən fəaliyyət göstərən Orta Dəhlizin genişləndirilməsi göstərilir. Bu marşrut Çin ilə Avropanı Qafqaz və Türkiyə üzərindən birləşdirir və bu kontekstdə Ermənistanla sərhədin açılması mühüm əhəmiyyət daşıyır.
Məqalədə vurğulanır ki, yeni marşrut İranı kənarda qoyaraq alternativ logistika xətti yaratsa da, təhlükəsizlik baxımından müəyyən risklər də mövcuddur. Regionda mühüm aktor olan Rusiya bu prosesləri ehtiyatla izləyir. Mövcud geosiyasi şərait Türkiyə üçün yeni imkanlar yaradır və ölkə Şərqlə Qərb arasında əsas ticarət qovşaqlarından birinə çevrilmək niyyətindədir.

















