Bu gün Türkiyədə məlum olub ki, bir şagird üç gün ərzində məktəbə silahla gəlib. Hadisə üzə çıxdıqdan sonra məktəb rəhbərliyi qərar verib ki, şagirdlər dərsə yalnız şəffaf çantalarla gəlsinlər. Son günlər ölkəmizdə də məktəblərdə xoşagəlməz hadisələrin artması müşahidə olunur. Nəzarət tədbirləri gücləndirilsə də, bəzi hallarda məktəbə spirtli içki, bıçaq və digər qadağan olunmuş əşyaların keçirilməsi tamamilə aradan qalxmır. Bu kimi halların qarşısının alınması ilə bağlı müzakirələr fonunda, dərsliklərin elektronlaşdırılması və şagirdlərin dərsə yalnız planşetlə gəlməsi ideyası da gündəmə gəlir. Bəs, bu yanaşma nə qədər realdır və təhlükəsizlik baxımından nə dərəcədə effektiv ola bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, son dövrlər bu tendensiya dünyanın əksər ölkələrində müşahidə olunur və bu, həm acınacaqlı vəziyyət yaradır, həm narahatlıq, həm də narazılıq doğurur.
"Bu kimi halların qarşısını almaq üçün hər bir ölkə müxtəlif tədbirlər həyata keçirir. Məsələn, bu yaxınlarda qonşu və qardaş ölkə Türkiyədə baş verən silahlı insident nəticəsində, səhv etmirəmsə, 10 nəfər həyatını itirib. O cümlədən, yaxın günlərdə bizdə də belə bir hadisə baş verib, özəl liseylərdən birində şagird tərəfindən müəllimə qarşı silahdan istifadə olunub. Bundan başqa, bir neçə gün əvvəl dərs zamanı sinif yoldaşının digər sinif yoldaşını od vuraraq yandırması kimi ciddi insident də qeydə alınıb. Bu hadisələr, təbii ki, ciddi diqqət tələb edir və təhlükəsizlik tədbirləri mütləq gücləndirilməlidir. Bu problemlərin əsas səbəblərindən biri müasir texnoloji vasitələr, oyunlar, sosial platformalar, bəzi kriminal filmlər, kriminal məzmunlu və bayağı musiqi nümunələridir. Bunlar uşaqların ilkin şüurunda formalaşmaya təsir edir və nəticədə belə xoşagəlməz halların yaranmasına səbəb olur".
Ekspert bildirib ki, dərsliklərin elektronlaşdırılması məsələsinə gəldikdə isə, artıq bu istiqamətdə işlər görülüb və rəqəmsal dərsliklər mövcuddur.
"Şagirdlər bu dərsliklərdən istifadə edə bilirlər. Gələcək illərdə şagirdlərin planşetlə tam təminatı həyata keçirildikdən sonra, ehtimal ki, rəqəmsal dərsliklərə tam keçid baş verəcək. Bu sistemdə şagird bir planşetlə məktəbə gedəcək, qeydlərini aparacaq və mövzuları öyrənəcək. Bununla belə, çanta daşınması tamamilə aradan qalxmayacaq, çünki şagirdlərin gündəlik ehtiyacları, qidalanma və su kimi zəruri vasitələr yenə də daşınacaq".
Onun sözlərinə görə, bu baxımdan, məktəblərin girişində təhlükəsizlik kameralarının quraşdırılması, eləcə də rentgen (X-ray) cihazlarının yerləşdirilməsi vacib hesab olunur.
"Beləliklə, şagirdlərin məktəbə soyuq silahlar, yandırıcı və ya deşici alətlər gətirməsinin qarşısı vaxtında alına bilər, çantalar yoxlanılar və təhlükəli əşyalar dərhal aşkarlanaraq götürülə bilər. Bu tədbirlərin bütün təhsil müəssisələrində tətbiqi zəruri görünür. Eyni zamanda valideynlərlə də iş aparılmalıdır. Əgər valideynlər övladlarında deviant davranışlar, etikadan kənar hərəkətlər və ya psixoloji narahatlıq əlamətləri müşahidə edirlərsə, onların psixoloji konsultasiyaya yönləndirilməsi və vəziyyətdən çıxarılması üçün vaxtında addım atılması vacibdir. Valideynlər bu məsələdə daha diqqətli olmalıdırlar".

















