Xəbər verildiyi kimi, Hesablama Palatası Naxçıvcan Muxtar Respublikasının Ali Məclisində maliyyə yoxlaması aparıb.
Yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb.
Məlum olub ki, Ali Məclis əsassız mükafatlandırma, xərcləri şişirtməklə ciddi xətalara yol verib.
1xeber.media xəbər verir ki, bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvlərinin maaşları açıqlanıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Qanunda dəyişiklik edilib və aprelin 21-də bu dəyişikliyi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov təsdiqləyib.
Dəyişikliyə əsasən, Ali Məclisin sədri artıq 3 330 manat deyil, 15 000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Bundan əlavə, Ali Məclis sədrinin birinci müavini 13 000 manat, Ali Məclis sədrinin müavini 12 000 manat, Ali Məclisin komitə sədri 9 000 manat, Ali Məclisin komitə sədrinin müavini 8 000 manat, Ali Məclisin deputatı 7 000 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.
Qeyd edək ki, bu qanun qəbul olunmazdan əvvəl Ali Məclisin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alırdı. Ali Məclis sədrinin birinci müavini Ali Məclis sədrinin aylıq vəzifə maaşının 95 faizi, Ali Məclis sədrinin müavini – 90 faizi, Ali Məclisin komitə sədri – 65 faizi, Ali Məclisin komitə sədrinin müavini – 60 faizi, Ali Məclisin deputatı isə Ali Məclis sədrinin aylıq vəzifə maaşının 50 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.
Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırdılar. (Tribuna.az )

















