Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı prioritet
istiqamətlərdən biri olaraq qalır. Bu kontekstdə Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi
səfəri Bakı ilə Riqa arasındakı əlaqələrin dinamik inkişafının və strateji xarakterinin növbəti bariz
nümunəsidir. Bu səfər, həmçinin Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi-siyasi
imkanların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Latviya arasındakı münasibətlərin tarixinə nəzər salsaq görərik ki, iki ölkə
arasındakı diplomatik əlaqələr hələ müstəqilliyin ilk zamanlarında – 1994-cü il yanvarın 11-də qurulub.
Azərbaycanın Latviyadakı səfirliyi isə ölkəmizin Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Milli Məclisdə
fəaliyyət göstərən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təməli isə 1997-ci
ildə qoyulub və gələn il bu münasibətlər 30 ilinə qədəm qoyacaq.
Azərbaycan və Latviya arasındakı münasibətlər hər zaman qarşılıqlı hörmət və beynəlxalq
hüququn prinsipləri üzərində qurulub. Latviya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl
şəkildə dəstəkləyən, Avropa İttifaqı məkanında ölkəmizin ədalətli mövqeyini müdafiə edən etibarlı
tərəfdaşdır. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara
Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi
Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və Latviya bu
prosesdə Azərbaycanın potensialına böyük maraq göstərir. Xüsusilə bərpaolunan enerji mənbələri
sahəsində təcrübə mübadiləsi, “Orta Dəhliz” vasitəsilə yükdaşımaların artırılması və Baltik dənizi
limanları ilə Bakı Limanı arasında əlaqələrin intensivləşdirilməsi, Latviyanın yüksək texnologiyalar
sahəsindəki təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri əsas müzakirə mövzularından olub. Tərəflər
arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyəti geniş potensial vəd edir. Xüsusilə ticarət
dövriyyəsinin həcminin artırılması və məhsul çeşidliliyinin genişləndirilməsi əsas hədəflərdən biridir.
Azərbaycanın əlverişli investisiya mühiti Latviya iş adamları üçün yeni fürsətlər açır. Bu kontekstdə
Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına cəlb edilməsi və birgə
müəssisələrin yaradılması vasitəsilə qarşılıqlı investisiya qoyuluşunun stimullaşdırılması nəzərdə
tutulur.
Azərbaycanın Cənubi Qafqazın qovşağı, Latviyanın isə Baltikyanı regionun mühüm liman
mərkəzi olması bu tərəfdaşlığı qitələrarası miqyasda daha əhəmiyyətli edir. Məhz bu imkanlar
Azərbaycan-Latviya əlaqələrinin sadəcə diplomatik deyil, həm də çoxşaxəli iqtisadi sütunlar üzərində
möhkəmləndiyinin göstəricisidir.
Hər iki dövlət başçısı, çoxsaylı nümayəndələrin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Latviya
biznes-forumunda Azərbaycan və Latviyanın mövcud iqtisadi imkanları qeyd edilərək gələcək
əməkdaşlıq planları ətraflı müzakirə edilib. Bildirilib ki, son illər ərzində Azərbaycanda ölkəni tamamilə
neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək
bir ölkəyə çevirmək üçün çox işlər görülüb. Son dörd-beş il ərzində ümumi daxili məhsulun sürətli
artımı müşahidə edilib. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu
proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.
Azərbaycanda təbii qaz hasilatı artır, hasil edilən təbii qazın böyük hissəsi isə ixrac olunur.
Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir. Ölkənin valyuta və qızıl ehtiyatları
xarici borcu 18 dəfədən çox üstələyir. Hazırda ölkəmizin əlavə investisiyalara böyük ehtiyac vardır. Bu
da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və
bərpasına yönəldilib.
Ümumilikdə Latviya Prezidentinin səfəri bir daha təsdiq etdi ki, coğrafi uzaqlığa baxmayaraq,
Bakı və Riqa ortaq maraqlar və sarsılmaz dostluq telləri ilə bir-birinə bağlıdır. Bu rəsmi görüşlər silsiləsi
Azərbaycanın Avropa ilə inteqrasiya prosesini sürətləndirməklə yanaşı, həm də milli maraqlarımızın
beynəlxalq müstəvidə daha güclü şəkildə qorunmasına xidmət edir. Bir sözlə, Azərbaycan-Latviya
münasibətləri yüksələn xətt üzrə inkişaf edərək, hər iki xalqın rifahına və regional sabitliyə töhfə
verməkdə davam edir.
Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi

















