Məktəb-valideyn əməkdaşlığını gücləndirmək məqsədilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şimal-qərb bölgəsində konfranslara start verilib. İlk olaraq Şəki şəhərində, Oğuz və Zaqatala rayonlarında təşkil edilən valideyn konfransları “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” və “Zərərli vərdişlərlə mübarizə” mövzularına həsr olunub. Konfranslarda Regional Təhsil İdarəsinin struktur və bölmə rəhbərləri, əlaqədar dövlət qurumlarının əməkdaşları, təhsil müəssisələrinin nümayəndələri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və 500-dən çox valideyn iştirak edib.
Bu barədə 1xeber.media-nın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Konfranslarda çıxış edənlər rəqəmsal texnologiyaların təhsil imkanlarını genişləndirməklə yanaşı, uşaqların emosional və sosial inkişafına təsir edən müəyyən risklər də yaratdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, internetdən həddindən artıq istifadə, sosial şəbəkələrdə yayılan yanlış informasiyalar, kibertəhlükələr və uşaqların real sosial mühitdən uzaqlaşması valideynlərin xüsusilə diqqət yetirməli olduğu əsas məsələlərdəndir. Rəqəmsal bacarıqların inkişafı müasir təhsilin vacib tərkib hissəsidir, lakin bu bacarıqların düzgün və balanslı istifadəsi müəllim və valideynlərin birgə məsuliyyətidir.
Konfranslarda, eyni zamanda, məktəblərdə nizam-intizamın gücləndirilməsi, şagird davranışlarının düzgün istiqamətləndirilməsi və valideyn-məktəb əlaqələrinin sistemli şəkildə qurulmasının vacibliyi xüsusi vurğulanıb.
Fəal müzakirələrlə davam edən tədbirlərdə valideynlərin sualları cavablandırılıb, mövzular üzrə praktik tövsiyələr verilib, bu istiqamətdə məktəblərdə həyata keçirilən fəaliyyətlər barədə məlumatlar təqdim edilib.
Qeyd edək ki, valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etmək və məktəb-ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.
Valideynlərlə növbəti konfransların aprelin 27-də Balakən, Qax və Qəbələ rayonlarında keçirilməsi nəzərdə tutulur.

















