ABŞ-də aprelin 28-də “Gallup” tərəfindən keçirilən sorğunun nəticələrinə görə, amerikalıların yarıdan çoxu maliyyə vəziyyətlərinin pisləşdiyi qənaətindədir və bir çox insan aylıq xərclərini ödəməklə bağlı narahatdır.
1xeber.media xarici mediaya istinadla xəbər verir ki, sorğuda 2026-cı ildə rekord sayda amerikalının – 55 faiz respondentin hazırda maliyyə vəziyyətinin pisləşdiyi, bu göstəricinin keçənilki 53 faizdən daha çox olduğu bildirilib.
Sorğuda deyilir ki, ardıcıl beşinci ildir daha çox amerikalı maliyyə vəziyyətlərinin pisləşdiyi qənaətindədir. Bu vəziyyət son dəfə oxşar dövrdə - 2007-2009-cu illərdəki Böyük Tənəzzül zamanı müşahidə olunub.
“Gallup” bildirir ki, respondentlərin 62 faizi təqaüdün dolanışığa yetmədiyi, 60 faizi isə ciddi qəza və ya xəstəlik halında tibbi xərcləri ödəyə bilmədiyi qənaətindədir. Həmçinin onların 54 faizi investisiya gəlirləri və həyat səviyyəsinin qorunmasından narahatdır.
Bu arada, sorğuda iştirak edənlərin təxminən yarısı gündəlik səhiyyə xərcləri ilə bağlı narahatdır, 41 faiz isə normal aylıq xərclərini ödəməkdə çətinlik çəkdiyini bildirib.
Sorğuda deyilir: “Ümumilikdə, builki siyahıda əlçatanlıqla bağlı narahatlıqlar üstünlük təşkil edir. İnflyasiya, enerji, mənzil, səhiyyə, təhsil, nəqliyyat xərcləri və uşaq baxımı ilə yanaşı, digər bütün maliyyə narahatlıqları daha da artıb”.
Qeyd olunur ki, istehlak qiymətlərində son artımlar sorğuda iştirak edənlərin təxminən 55 faizi üçün maliyyə çətinliklərinə səbəb olub. Respondentlərin təxminən 13 faizi neft və qaz qiymətlərinin artmasının narahatlıq doğurduğunu bildirib ki, bu da bir il əvvəlkindən 10 faiz bəndi çoxdur.

















