Onda hələ orta məktəbdə oxuyurduq. Kimya dərsində uşaqlar şuluq elədilər, müəllimimiz sakitcə və şən səslə dedi ki, “Uşaqlar, bu gün nə etsəniz də xeyri yoxdu, əsəbləşməyəcəm”. Sonra da “Uşaqlar, bu gün tarixi gündür. Stalinqradda almanları darmadağın eliyiblər, gözünüz aydın. URA!” deyən Cəbiş müəllim kimi niyə belə pozitiv əhval-ruhiyyədə olduğunun izahını verdi. Sən demə dünyanın ən ali təşkilatı, bütün digər beynəlxalq təşkilatların türkiyəli qardaşlarımız demiş “ağababası” olan BMT-də qətnamə qəbul edilibmiş. Qətnamədə deyilirmiş ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmalıdırlar. Bu doğrudan da gözəl xəbər idi. Əsil “URA!” deyiləsi xəbər idi. Müəllimimiz də elə bizim kimi, uşaq sadəlövhlüyü ilə inanırdı ki, hər şey bitdi. BMT qətnamə qəbul elədisə ermənilər şələ-şülələrin yığışdırıb çıxıb gedəcəklər. Bir daha da heç biz tərəfə baxmayacaqlar. Bəs nədi, “o bohdana təşkilat” yığışıb, müzakirə edib, qərar verib...
Sonralar biz o təşkilatın “nə bohdana” olduğunu verdiyi qətnamənin illərlə kağız üstə qalmasından anladıq. Həm də bizim bu müəllimli-şagirdli sevindiyimiz qətnamədən sonra 3 qətnamə də qəbul olundu. Elə həmin il, ayrı- ayrı tarixlərdə. Sonrakılarda da “BMT baba” bir iki kəlmə o yan-bu yandan söhbət açıb, sonda birinci qətnamənin, 30 aprel 1993-cü ildə qəbul edilmiş 822 nömrəli qətnamənin dərhal yerinə yetirilməli olduğunu vurğulayırdı. Beləcə 4 qətnamə kağız üzərində düz 27 il gözlədi. Və nəhayət ki, illər sonra o qətnamələri Azərbaycan Dövləti özü icra etdi. 2020-ci ildə Zəfər Savaşının getdiyi günlərdə və daha sonralar, beynəlxalq tədbirlərdə Azərbaycanın Dövlət Başçısı, Müzəffər Ali Baş Komandan özü bunu dəfələrlə vurğuladı.
“BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin qətnamələr əsasən, Ermənistan hərbi qüvvələrinin dərhal ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi, biz onları özümüz icra etdik”.
İndi o gündən tam 33 il keçdikdən sonra, yenə də məhz eyni gündə, 30 aprel 2026-cı ildə Avropa İttifaqının (Aİ) Parlamenti təzə qətnamə çıxarıb. Mən elə bildim tarixi bilərəkdən seçiblər ki, qətnamədə ermənilərin 33 il əvvəl daha mötəbər qurum tərəfindən qəbul edilmiş qətnaməyə uymadıqlarını, o gündən sonra daha da ağzınlaşdıqlarını, minlərlə günahsız insanımızın ermənilər tərəfindən qətl edildiyini, tarixi abidələrimizin, torpaqlarımızın erməni vandallığına məruz qaldığını pisləsinlər. Məhz həmin tarixdə qəbul ediblər ki, qətnamədə bütün olub keçənlərə rəğmən kin-küdurəti kənara qoyan, tarixi ədaləti bərpa etdikdən sonra dərhal sülh naminə hərəkətə keçən Azərbaycan dövlətinin, Azərbaycan xalqının sülhpərvərliyini alqışlasınlar. Ermənistanı beynəlxalq məhkəmələrdə süründürüb, maddi-mənəvi təzminat tələb etmədiyimizçün bizə təşəkkür etsinlər.
Aİ-nin başbilənləri daha sonra qə(lət)namədə yazırlar ki, “Qarabağdan köçmüş ermənilərin hüquqlarına, onların mənsubiyyət, mülkiyyət və mədəni irsinin qorunmasına dəstək göstərəcəyik”. Bir az da irəli gedirlər ki, “erməni mədəni-dini irsinin dağıdılmasına görə məsuliyyət daşıyanların cəzalandırılmalı və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmalıdır.” Ən sonda da qeyd olunur ki, “Avropa Parlamenti erməni sakinlərin Qarabağa təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun olduğunu vurğulayır”.
Bax, hamısını qoyuram bir kənara. Yəni ermənilərin mülkün sahibini qovub mənsub olduğu “mülkiyyət hüququna” dəstək verdiz. Min illik mədəni irsimizi vandallıqla məhv etmiş bir xalqın “mədəni -dini irsinin” olduğunu və o irsin bizim tərəfimizdən dağıdıldığını iddia etdiz. Bütün bunlara göz yumduq, amma o axırda dediyiniz var e, “maneəsiz, təhlükəsiz və ləyaqətlə qayıtmaq” söhbəti, o necə olacaq? Deyək ki, biz mane və təhlükəsizlik məsələsini həll etdik. Düz 30 il tərkibində olduğu dövlətə, onun vətəndaşına qarşı olmazın ləyaqətsizliklərini etmiş ermənilər “ləyaqət”i hardan tapacaq? Pay verməklə olmur axı o iş. Demək ki, qətnamənin yerinə yetirilməsi prosedur olaraq mümkün deyil də. Heç cürə alınmır e, alınmır.
Yuxarıda Dövlət Başçımızın çıxışından gətirdiyim sitatın birinci cümləsini bilərəkdən sona saxladım. Yazını o cümləylə bitirmək üçün. Görün nə qədər doğru və haqlı deyilmiş cümlədir:
“Beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur.” – Vəssalam!

















