"Naxçıvanda bəd ünüylə məşhur olan bir göl var. Naxçıvan şəhərindən hardasa 10 km. aralıda yerləşən bu göl bizim dövrümüzdə həm Muxtar Respublikanın mərkəzi şəhərinin, həm də ətraf kəndlərin plyajı hesab olunurdu. Uşaqlıqda yay aylarında tez-tez bu gölə gedib çimərdik. Uzunoba bir çox Naxçıvan gənclərinin batmasıyla ün qazanmışdı. Şəxsən mənim bibimoğlu Əhədi də bu göl əlimizdən almışdı..."
1xeber.media xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz paylaşıb.
O daha sonra bildirir: "Naxçıvandan əldə etdiyim məlumata görə, dünən Uzunoba növbəti qurbanını bizdən ayırıb. Budəfəki qurbanın adı Qalayev Zamin Zeynəlabidin oğludur.
Tapşırıq yerinə gələn Zamin bəy sukeçirməz paltarını geyinib, sualtından nəfəs almaq üçün xüsusi aparatları üzünə taxıb gölə qərq olub. Məgər ki, sualtı aparatının balonunda oksigen az imiş və qısa müddətdən sonra havası bitdiyindən o, Uzunoba gölündə boğulub.
Bildirildiyinə görə, dünən 6-cı gün imiş ki, Naxçıvandakı xüsusi nümayəndə Uzunobada məcburi iməclik təşkil edirmiş. Amma bəndin ağzı açılmadığından Naxçıvan iməclikçiləri bir ağacı belə suvara bilməyiblər. Naxçıvan FH idarəsinin səhlənkarlığı nəticəsində olan Qalayev Zaminə olub.
Qeyd edim ki, Uzunoba gölü ətrafında Naxçıvanın Nəbatət bağı və Uzunoba meşəsi yerləşir. Bir neçə il əvvəl həmin ərazidə olmuşdum və hər iki yaşıl sahənin susuzluqdan yandığını müşahidə etmişdim. Bəzi videolar çəkib paylaşmışdım. Görünür, Naxçıvan rəhbərliyi bu ekoloji fəlakətə son qoymaq üçün mərhum Qalayev Zamini su altına göndərmək istəyib. Amma texniki vasitələrin işləkliyini düzgün yoxlamadan bu iş icra olunub bə ekoloji fəlakətdən qaçarkən bir ailənin faciəsinə yol açılıb.
Diqqətinizə çatdırmaq istərdim ki, Uzunoba əslində süni yaradılmış göldür. Naxçıvan MR Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşən bu su anbarı kənd təsərrüfatı torpaqlarının suvarmaq məqsədilə 1961-ci ildə istismara verilib.
Bəndin hündürlüyü 17.5m, uzunluğu 1868 m və su anbarının ümumi həcmi 9 mln.m³-dur. Suvarma sahəsi isə 2400 ha-dır.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün Naxçıvan Fövqəladə Hallar İdarəsinə zəng etdim. Telefonuma cavab verən FHN əməkdaşı 1 dəqiqədən sonra təkrar zəng etməyim ricasında bulundu. Mən də dövlət məmurunun əmrinə itaət göstərib yarım saatdır ki, həmin nömrəyə zəng etməsəm də, telefon dəstəyini qaldıran yoxdur. Ümid edirəm ki, iməcliksecən Naxçıvan hökuməti bu iddialarla bağlı rəsmi açıqlama yayacaq, biz də onu sizin diqqətinizə çatdıracağıq..."



















