May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci
Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət
başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
videobağlantı formatında çıxış edib.
Prezident İlham Əliyev bu toplantısındakı çıxışında sülhün regionda iqtisadi inteqrasiya
və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğu bəyan edib. Dövlət başçısı
Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə
Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh
içərisində yaşadığını vurğulayıb.
Cənab Prezident bildirib ki, “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və
Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi,
həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh
sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh
qurulub”.
Bildirilib ki, hələ 1990-cı illərin əvvəlindən Ermənistana Azərbaycandan tranzit
məhdudiyyətləri tətbiq edilmişdi. Vaşinqton görüşlərindən sonra tranzit məhdudiyyətləri
birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28
min ton yük çatdırılıb. Əlavə olaraq Azərbaycan tərəfindən əlavə addımlar atılıb. Ölkəmiz ilk
dəfə olaraq öz neft məhsullarını – benzin və dizeli Ermənistana təchiz etməyə başladı.
Bununla da, iki ölkə arasında ticarət münasibətləri başladı. Bu vaxta qədər Azərbaycandan 12
min ton neft məhsulları Ermənistana ixrac edilib.
Dövlət başçısının çıxışının əsas xəttini sülhün artıq reallığa çevrildiyi barədə mesaj
təşkil edib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu
şəraitdə qarşılıqlı münasibətləri formalaşdırır. Bu yanaşma sülhün yalnız siyasi bəyanat
olmadığını, konkret addımlar və praktiki nəticələrlə müşayiət olunduğunu göstərir.
Ölkə başçısı çıxışında bir sıra Avropa institutlarının mövqeyinə də toxunub. Xüsusilə
Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasınin fəaliyyətində müşahidə
olunan qərəzli yanaşma və ikili standartlar tənqid edilib. Qeyd olunub ki, Azərbaycan
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib və
BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini həyata keçirib. Lakin
buna baxmayaraq, bəzi qurumlar tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar və siyasi təzyiq
cəhdləri davam etdirilir. Bununla yanaşı, çıxışda Avropa Komissiyasınin daha konstruktiv
mövqeyi xüsusi qeyd olunub. Bu, Azərbaycanın Avropa ilə münasibətlərdə qarşılıqlı hörmət və
balans prinsiplərinə əsaslanan siyasət yürütmək niyyətini göstərir.
Prezident İlham Əliyev bildirib ki, “2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda
separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il
kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə
heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş
təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni
dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Avropa Parlamenti İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin
mayından 2026-cı ilin aprelin 30-na qədər Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14
qətnamə qəbul edib. Sonuncu qətnamə isə Zirvə görüşünə cəmi 4 gün qalmış qəbul edilib.
Cənab Prezu=identin dediyi kimi “Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm,
miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək
əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz
ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə
cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.
Bu əməllərə cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə
bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament
Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar
qəbul edib.
Sonda ölkə başçısı bidirib ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə
baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu
aydın şəkildə göstərir.
Asif Eyyubov,
Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun metodisti

















