Dünyada müşahidə olunan geosiyasi proseslər və regionda formalaşan yeni iqtisadi vəziyyət fonunda İranla ticarət əlaqələri yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə, İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində baş verən dəyişikliklər, daxili bazarda məhsul təminatı və yaxın dövr üçün qiymət proqnozları ilə bağlı məsələlər öz aktuallığını qorumaqdadır.
Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ticarət əlaqələrində yarana biləcək dəyişikliklərin daxili bazara və istehlak qiymətlərinə mümkün təsiri ilə bağlı qeyd edib ki, hazırda İran-Azərbaycan sərhədində ticarət normal rejimdə davam edir və son həftələrdə nisbi sakitlik yaranıb.
"Amma bu sakitlik qiymətlərə birbaşa “ucuzlaşma” kimi təsir etməyib. Əksinə, bəzi məhsullarda cüzi bahalaşma, bəzilərində isə mövsümi enmə var.
İrandan Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları, tikinti materialları, kimya, polietilen qranul, yuyucu vasitələr, qənnadı, meyvə-tərəvəz, xurma, kartof, soğan, göyərti, sement, kafel-metlax gəlir. Son 2-3 ayda riyal kəskin dəyərdən düşüb. İran daxilində inflyasiya 40 faizdən yuxarıdır. Bu, ixrac qiymətlərini dollarla aşağı salır. Nəticədə Azərbaycan bazarında İran mənşəli xurma, alma, pomidor, xiyar, qarpız, quru meyvə, yuyucu toz, plastik məmulatlarda 5-12 faiz arası ucuzlaşma müşahidə olunur. Xüsusilə, “8-ci kilometr” və topdansatış bazalarında İran kartofu və soğanı yerli məhsuldan 20-30 qəpik ucuz satılır. Səbəb İranda artıq məhsul qalığı və rialın ucuzlaşmasıdır".
İqtisadçının sözlərinə görə, lakin logistika və ödəniş riski qiyməti yenidən qaldırır:
"İran bankları sanksiya altındadır, pul köçürmələri çətinləşib. Yük maşınları Astara və Biləsuvarda gömrükdə əlavə yoxlamaya düşəndə 3-5 gün gecikir. Bu xərci də malın üstünə gəlirlər. Ona görə də rial ucuzlaşsa da, rəfdəki son qiymət kəskin düşmür. İranla ticarətdə əsas risklər üçdür. Birincisi, geosiyasi gərginlik yenidən qalxsa, sərhəd bağlana və ya məhdudiyyət qoyula bilər. Onda İran malları bazardan çıxar və yerli məhsulun qiyməti dərhal qalxar. Xüsusilə qış aylarında pomidor, xiyar, göyərti, kartof qıtlığı yaranar, çünki bizim istixana həcmi tələbatı tam ödəmir. İkincisi, valyuta riski. Sabah rial yenidən möhkəmlənsə və ya İran ixraca qadağa qoysa, idxal qiyməti avtomatik bahalaşar. Üçüncüsü, ödəniş kanalları. SWIFT işləmədiyi üçün nağd dollarla iş gedir. Nağdın daşınması risqli və bahalıdır".
A.Nəsirli həmçinin vurğulayıb ki, hazırda ən çox qiymət enməsi meyvə-tərəvəzdə və yuyucu vasitələrdə hiss olunur:
"İran xurması keçən il 4-5 manat idisə, indi 2.80-3.20 manatdır. İran qarpızı, yemişi mövsümdə yerli məhsuldan 30-40 faiz ucuz gəlir. Polietilen məmulatlar, birdəfəlik qablar, şampun, sabun da 10 faizə yaxın ucuzlaşıb. Amma sement, kafel, armatur kimi tikinti mallarında ucuzlaşma yoxdur, çünki daşınma xərci və gömrük rüsumu qalxıb.
Yaxın 3-4 ay üçün proqnoz belədir. Əgər Hörmüz boğazı ətrafında hərbi eskalasiya olmasa və sərhəd açıq qalsa, İran mallarının qiyməti indiki səviyyədə qalacaq. Payızda yerli məhsul azalanda İran kartofu, soğanı, pomidoru yenidən bazarı tarazlayacaq və kəskin bahalaşmanın qarşısını alacaq. Amma tam sabitlik gözləmək çətindir. İran daxilində benzin, çörək qiyməti qalxır, ixracatçı dövlətdən subsidiya ala bilməyəndə malı baha satmağa məcbur olur".
İqtisadçı hesab edir ki, qiymət sabitliyi şərti anlayışdır:
"Qlobal neft, taxıl, logistika qiymətləri qalxsa, İran malı da bahalaşacaq. Üstəlik, manatın məzənnəsi və gömrük siyasəti də rol oynayır. Risklər qalır: sərhədin bağlanması, sanksiyaların sərtləşməsi, rialın kəskin möhkəmlənməsi. Bu üçündən biri baş versə, İran malları ya bazardan çıxar, ya da 15-25 faiz bahalaşar.
Qısası, indi İran məhsulları hesabına meyvə-tərəvəz və məişət kimyası seqmentində nisbi ucuzluq var. Amma bu, geosiyasətdən asılıdır. Sabah vəziyyət dəyişsə, ilk zərbəni istehlakçı qiymətində görəcəyik. Ona görə idxaldan asılılığı azaltmaq üçün yerli istixana və emal güclənməlidir", - deyə o fikrini tamamlayıb.

















